“Bu ayın əvvəlində Cəbrayıla növbəti köç yola salındı və 129 nəfərdən ibarət daha 34 ailə öz doğma yurdlarına qayıtdılar. “Böyük Qayıdış”ın simvolu məhz Cəbrayıl rayonudur. “Çünki bu proses ilk dəfə Mərcanlıdan başlayıb".
Bunu Bakupost.az -a Vətəndaş Həmrəyliyi Partiyası Cəbrayıl rayon təşkilatının sədr müvini Sərvər Hüseynov deyib.
VHP təmsilçisi bildirib ki, işğaldan azad olunan bütün ərazilər kimi Cəbrayılda da bərpa-quruculuq işləri sürətlə davam edir:
“2021-ci ildə cənab Prezidentin, eləcə də rayon ziyalıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təməlqoyma həyata keçirilib. İndi də quruculuq işləri davam etdirilir. Artıq rayon mərkəzində 33 bina inşa olunub. Eyni zamanda bir neçə kəndin təməli də qoyulub. Rayonun digər yerlərində də işlər dayanmadan həyata keçirilir. Bu da onu göstərir ki, bərpa və yenidənqurma işləri çox sürətli şəkildə aparılır. Görülən işləri nəzərə alanda, demək mümkündür ki, Cəbrayılın öz sakinlərinə qovuşmasına çox az vaxt qalıb. Hazırda istər yol infrastrukturu, istərsə də qaz və elektrik təchizatı ilə bağlı məsələlər operativ olaraq öz həllini tapır”.
Cəbrayılda beynəlxalq şəhərsalma prinsiplərinə uyğun iş aparıldığını vurğulayan Sərvər Hüseynov bildirib ki, şəhərə Zəfər muzeyi, İşğal muzeyi, məktəblər, bağçalar, tibb ocaqları və inzibati binalar inşa ediləcək:
""Böyük Qayıdış" çərçivəsində həyata keçirilən bərpa-quruculuq işləri başa çatandan sonra Cəbrayıl şəhəri Azərbaycanın gözəl guşələrindən biri olacaq. Görülən işlər onu söyləməyə əsas verir ki, tezliklə Cəbrayıl, eləcə də, işğaldan azad olunmuş digər rayonlarımız dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Əminik ki, “Böyük Qayıdış” uğurla başa çatdırılandan sonra bələdiyyə seçkiləri işğaldan azad olunmuş ərazilərdə də baş tutacaq".