AZ

Lukyanov: “Danışıqlar dalana dirənib. Müharibə ehtimalı artır”

“Regionda vəziyyət qeyri-sabitdir, əslində isə hər cür inkişafın mümkün olması mümkündür, çünki regionda məlum geosiyasi tarazlıq və məhdudlaşdırma mexanizmləri pozulur”.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Fyodor Lukyanov bildirib. Onun sözlərinə görə, həmin mexanizmlər çoxdan mövcud deyil və əsas mexanizmlərdən biri Rusiyanın Ermənistanla Azərbaycan arasında apardığı siyasətdir ki, onun fikrincə, bu, hərbi-siyasi tarazlığın qorunmasına əsaslanırdı.

“Yeni mexanizmlər isə hələ təsdiqlənməyib. Ermənistan hakimiyyətinin qərbyönlü siyasətinin məqsədi bəlkə də Qərb vasitəsilə müəyyən belə bir mexanizm yaratmaq, yəni Rusiyanı Qərblə əvəz etmək idi ki, bu da, məncə, hazırda uğurlu deyil. Ona görə də bu mexanizmlər olmadan region özünün siyasi, hərbi və diplomatik tarazlıq zonasında qalıb. Yəni nə vasitəçilər, nə də nüfuzlu məhdudlaşdırıcı oyunçular olmadıqda regional qaydalar tətbiq olunur. Bütün bunların nəticəsidir ki, Azərbaycan öz gücünü, müharibədə qələbəsini vurğulayaraq, güc mövqeyindən danışmağa davam edir”.

Onun fikrincə, hətta Aİ müşahidəçilərinin iştirakı belə o ciddi məhdudlaşdırıcı mexanizmə çevrilməyib. “Aİ-nin müəyyən rolu olsa da belə, danışıqlar prosesi dalana dirənib, sağlam danışıqlar aparılmır. Və dediyim kimi, danışıqlar və mövcud vəziyyət uzun müddət uzana bilər, lakin eyni zamanda etiraf etmək lazımdır ki, indiki geosiyasi proseslər Suriyada da gördüyümüz kimi bu proseslərin çox da uzanmasına imkan verməyəcək. Yeni təsir zonalarının bölünməsi praktiki mərhələyə qədəm qoyub, bütün iddialı qüvvələr bundan yararlanmağa çalışacaqlar”, – deyə analitik bildirib.

Öz növbəsində, rusiyalı hərbi analitik Vladimir Yevseyev bildirib ki, Azərbaycan istər hərbi təlimlər, silahların alınması, istər yerli sənayenin inkişafı, istərsə də NATO standartlarının tətbiqi ilə öz hərbi potensialını intensiv şəkildə inkişaf etdirir.

Natiq Səlim,

KONKRET.az

Seçilən
14
konkret.az

1Mənbələr