AZ

Türkiyə ilə yükdaşıma anlaşması

Ankara şəhərində “Beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan–Türkiyə Qarışıq Komissiyası”nın iclası keçirilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, iclasda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların tənzimlənməsinə dair mühüm məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. Tərəflər beynəlxalq daşımaların ikitərəfli ticarətdə oynadığı mühüm rolu nəzərə alaraq sahənin inkişafı üçün birgə səylərin davam etdiriləcəyini vurğulayıblar.

Qeyd olunub ki, Türkiyə ilə Azərbaycan arasında “İcazə” blanklarının elektron şəkildə mübadiləsinə və verilməsinə imkan verən “E-Permit” sisteminin yaradılması və inteqrasiya işləri uğurla yekunlaşıb. Layihənin uğurla həyata keçirilməsi nəticəsində ölkələrimiz arasında ikitərəfli yükdaşımalarda elektron icazənin tətbiqinə başlanılıb və ilk sınaq daşınmaları yerinə yetirilib. Elektron icazənin tətbiqi ilə dekabrın 16-da Türkiyə daşıyıcı şirkətinə məxsus ilk yük avtomobili Azərbaycana çatıb. Elektron “İcazə” blankı alan, Azərbaycandan yola düşən ilk yük avtomobilinin isə dekabrın 18-də Türkiyə ərazisinə daxil olması gözlənilir.

Tədbirdə statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları ətrafında müzakirələr aparılıb, iki ölkə arasında yükdaşımaların həcminin artdığı xüsusi qeyd olunub. Bununla yanaşı, iclas zamanı Türkiyə və Azərbaycan daşıyıcıları tərəfindən beynəlxalq daşımalarda istifadə olunan “İcazə”lərin sayı barədə müzakirələr aparılıb. 2025-ci il üçün fiziki “İcazə” blanklarının kvotası yükdaşımalar üzrə ikitərəfli/ tranzit 65 min ədəd, tranzit 85 min ədəd, 3-cü ölkəyə/ ölkədən 15 min ədəd, Azərbaycan daşıyıcıları üçün limandan yük alma/ 3-cü ölkəyə/ ölkədən 5 min ədəd və beynəlxalq sərnişin daşımaları bərpa olunduğu təqdirdə qeyri-müntəzəm daşımalar üçün isə 200 ədəd müəyyən edilib. 

Eyni zamanda, beynəlxalq yükdaşımalar üçün gələn il üzrə elektron “İcazə” blanklarının ilkin kvotası ikitərəfli 500 ədəd və tranzit 15 min ədəd müəyyən olunub. Beləliklə, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların həyata keçirilməsi üçün “İcazə” blanklarının sayı 15 min 500 ədəd artırılaraq 2025-ci il üzrə 185 min 700 ədəd təyin edilib.

İclasda, həmçinin elektron sistemin il ərzində istifadə səviyyəsindən asılı olaraq mübadilə edilən fiziki “İcazə” blanklarının elektron icazələrlə əvəz edilə biləcəyi barədə razılığa gəlinib. Qeyd edilib ki, ehtiyac yarandığı təqdirdə istifadə səviyyəsinə uyğun olaraq fiziki və ya elektron “İcazə” blanklarının əlavə mübadiləsi aparılacaq. “İcazə” blankları növbəti il yanvarın 31-dək etibarlı olacaq. Eyni zamanda, taxoqraf kartlarının Türkiyədə çap edilməsi ilə bağlı texniki heyətlər arasında görüşlərin davam etdirilməsi və E-CMR ilə əlaqədar birgə işlərə başlanılması qərara gəlinib.

Seçilən
9
8
xalqqazeti.az

10Mənbələr