AZ

Bakı ABŞ-ın bu təşkilatından üzülüşür - Kəşfiyyata bağlı...

İşğalçını “yem”ləyən Beynəlxalq İnkişaf Agentliyinin ölkəmizdəki fəaliyyətinə son qoyula biləcəyinin anonsu verildi - deputatların nazirə müraciəti gerçəkləşir

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) son aylar Ermənistana maliyyə yardımının miqdarını iki dəfə artırması rəsmi Bakının sərt reaksiyasına səbəb olub. Bəlli olub ki, USAİD Ermənistana yardımın həcmini 130 milyon dollar artıracaq. Yardımın artırılması ilə USAİD Ermənistana ümumi investisiyasını 250 milyon dollara çatdıracaq. USAİD özünün təqribən 27 milyard dollarlıq büdcəsi ilə dünyanın ən böyük yardım təşkilatı hesab olunur. 

Əlbəttə ki, bu addım Cənubi Qafqazda aparılan sülh təşəbbüslərinə zərbə vurmaya bilməz. Elə bu səbəbdən Milli Məclisin bir qrup deputatı iki ay əvvəl xarici işlər naziri Ceyhun Bayramova müraciət edib ki, USAİD və bu ölkənin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələr dayandırılsın və yeni layihələrə icazə verilməsin, eləcə də USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulsun. 

“Yeni Müsavat” bildirir ki, USAİD Azərbaycanda 1991-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə dəfələrlə Azərbaycana münasibətdə həmişə ayrı-seçkilik edilib. Ötən il sentyabrın 19-20-də Azərbaycanın Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərindən sonra erməniəsilli sakinlər könüllü olaraq Ermənistana köç etməyə başladılar. Bu zaman USAİD dərhal özünü göstərdi və qurumun rəhbəri Samanta Pauer Ermənistana səfər etdi, “Qarabağ hadisələrindən zərər çəkənlərə” 4,1 milyon dollardan çox əlavə humanitar yardım ayırdığını elan etdi. O zaman Pauer Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “beynəlxalq müşahidə missiyasının yaradılması” təşəbbüsü ilə çıxış etmişdi. USAİD-in Azərbaycana qarşı bu mövqeyinin əsl səbəbi təbii ki, bağlı olduğu “Soros” Fondudur. 

Zamanında Azərbaycanda hərc-mərcliklər yaratmaq istəyən bu fond biabırçı şəkildə ölkədən qovulmuşdu. Hələ də “quyruq acısını” unuda bilməyən fond, törəməsi USAİD-i işə salaraq Azərbaycana qarşı qərəzli mövqe tutmaqda davam edir. Ona görə də ən yüksək səviyyədə artıq anons verildi ki, bu təşkilatın ölkəmizdə fəaliyyətinə son qoyulmasının zamanıdır. 

Belə ki, Prezident İlham Əliyev Rusiya mediasına son müsahibəsində Rusiyanın USAİD-ə qadağa qoymasını düzgün addım adlandırıb. Sitat: “Co Baydenin administrasiyası deyir ki, "biz sizə kömək etmək istəyirik". Biz “xeyr” deyirik, onlar “ABŞ Beynəlxalq İnkişaf Agentliyi kömək etmək istəyir” deyirlər. Amma nədənsə ehtiyacımız olan yerdə kömək etmir". Prezidentin fikrincə, USAİD “siyasəti tamamilə tərk edə bilər”. Məsələn, təşkilatın fəaliyyəti Amerikanın seçilmiş prezidenti Donald Tramp tərəfindən qadağan edilə bilər.

62 ildir ki, fəaliyyətdə olan USAİD nəcib ideyalar əsasında fəaliyyət göstərdiyini elan etsə də, zaman-zaman onun fəaliyyəti ilə bağlı ciddi suallar və şübhələr yaşanıb. Ən əsas və ciddi ittiham USAİD-in ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) alt strukturu kimi fəaliyyət göstərməsi, fəaliyyət göstərdiyi ölkələrdə humanitar yardım və digər dəstək proqramları ilə yanaşı, rəsmi ABŞ-ın dost saymadığı ölkələrdə mövcud ictimai-siyasi quruluşun dəyişməsi üçün “yumşaq güc” kimi istifadə edilməsi ilə bağlı olub. Prezidentin dediyi isə USAİD-lə bağlı son qərar hesab oluna bilər. Bəs buna ABŞ administrasiyasının reaksiyası necə olacaq? 

USAID

Ümumiyyətlə, ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycana qarşı Qərb dövlətləri və institutlarının qərəzi, ikili yanaşması davam edir. Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Parlamenti (AP) ilə yanaşı, ABŞ, xüsusilə onun Beynəlxalq İnkişaf Agentliyi (USAİD) fəallığı ilə seçilir. Təbii ki, bu, xoş niyyətə deyil, qara planlara xidmət edən fərqlənmədir. USAİD təsis olunduğu gündən təmsil etdiyi ölkənin, müxtəlif lobbi təşkilatlarının maraqlarının ifadəçisi kimi tanınıb. Dövlət Departamentinə bağlı təşkilatın aparıcı üzvlərinin bir çoxunun ABŞ kəşfiyyatının əməkdaşları olduğu da heç kimə sirr deyil. Erməni mediasında yer alan son xəbərlərə görə, USAİD Qarabağdan könüllü çıxan erməniəsilli şəxslərə əlavə olaraq 1 milyon dollar yardım göstərəcək. Bundan əvvəl də belə yardımlar olub. 2020-ci ildən indiyədək erməni sakinlərə 28 milyon dollar humanitar yardım ayırıb.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, USAİD-ə Azərbaycandan da qadağa qoyulması istisna deyil. Onun sözlərinə görə, bu təşkilat irəlidəki dövrdə ermənipərəst siyasətini tərgitməsə, əməkdaşlığın dayandırılması qaçılmazdır. Hüquq müdafiəçisi hesab edir ki, USAİD son dövrlərdə daha böyük qərəzlə Azərbaycanın üzərinə gəlib: “Bu təşkilat Qarabağdan könüllü gedən ermənilərlə bağlı bizə qarşı xüsusi düşmənçilik nümayiş etdirir. USAİD ona aid olmayan mövzulara münasibət bildirir. Məsələn, Samanta Pauer Azərbaycanı və Türkiyəni təhqir etmişdi. Görünür ki, içində bir türk nifrəti var. Ona görə də Azərbaycana ədalətsiz yanaşan təşkilatlarla əməkdaşlığa yenidən baxıla bilər. Məncə, cənab Prezidentin son sözü kifayət qədər mühüm anons sayılmalıdır”.

Çingiz

Çingiz Qənizadə

Ç.Qənizadə əlavə etdi ki, USAİD Tramp dönəmində özünü necə aparacaqsa, Bakı adekvat reaksiya sərgiləyəcək: “USAİD paralel olaraq Azərbaycan torpaqlarının işğala məruz qaldığı dönəmlərdə bilavasitə Qarabağdakı separatçılarla işbirliyi aparıb. Samanta tərəfindən separatçı liderlər haqda "siyasi məhbus" ifadəsi səslənsə, qətiyyən təəccüblənmərəm. Bu, həmin Samantadır ki, özünün Twitter səhifəsində Azərbaycan ekoloqlarının və QHT fəallarının guya Laçın yolunu “bağlamalarını” hədəfə alan ittiham xarakterli fikirlər yazmışdı, eləcə də həmin yolun açılmasını tələb etmişdi. Pauer “qondarma erməni genosidini” tanıması ilə fəxr etdiyini bildirmişdi. Belə bir arzuolunmaz şəxsin rəhbərlik etdiyi təşkilatdan Azərbaycana obyektiv yanaşma gözləmək absurd olardı".

Samir

Samir Əsədli 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli də vurğuladı ki, bu təşkilat xüsusən Qarabağ məsələsində nankor mövqeyi ilə seçilib. VHP rəsmisi söylədi ki, USAİD indiyədək işğaldan zərərçəkənlərə bir qəpik yardım göstərməyibsə, bundan sonra təşkilatın Azərbaycana hansı faydası ola bilər: “USAİD və onun rəhbərliyi Ermənistana sevgisini gizlətmir. Bu, Bayden administrasiyasından irəli gələn reallıqdır. Tramp dövründə də ermənilərə maliyyə dəstəyinin davam edəcəyini gözləyirəm. Burada təkcə erməni amili deyil, Ermənistanda Qərbin təsirlərinin artırılması niyyəti var”. 

Qeyd edək ki, Beynəlxalq İnkişaf Agentliyi əsasən mülki xarici yardım və inkişafın idarə edilməsinə cavabdehdir. 1991-ci ildən Azərbaycanda fəaliyyətə başlayıb. Düzdür, təşkilat müxtəlif biznes layihələrində iştirak etsə də, qaçqın düşən insanlarımızla bağlı hər hansı bir proqram və yardım göstərməyib. USAİD 27 milyard dollardan çox büdcə ilə dünyanın ən böyük rəsmi yardım agentliklərindəndir. Bu, ABŞ-ın bütün xarici yardımının yarısından çoxunu təşkil edir. 1961-ci ildən fəaliyyət göstərən təşkilat Qarabağda ötən əsrin 90-cı illərində baş verən hadisələr zamanı ciddi  yardımları ilə yadda qalmayıb.

Emil SALAMOĞLU,   
“Yeni Müsavat” 

Seçilən
25
musavat.com

1Mənbələr