AZ

Fərhad Muradzadə: "İllərin ağrı-acısı Şuşaya ayağımız dəyən kimi yox oldu sanki"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Şuşaya birinci dəfə gedəndə dizlərimdə taqət tükəndi, diz çöküb körpə uşaq kimi ağladım".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Fərhad Amil oğlu Muradzadə deyib.
O bildirib ki, ən böyük arzusu övladlarını doğma torpaqda böyütmək və təhsil işçisi kimi Şuşada işini davam etdirməkdir:
"Bakıda, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən "Qaranquş" sanaroriyasında köçkünlük həyatı sürmüşük. Çətin, keşməkeşli dönəmlərdən keçdik, həm ölkə olaraq, həm xalq olaraq. Amma heç bir zaman inamımızı, ümidimizi itirmədik. Son ana qədər çalışdıq ki, torpaqlarımızı dinc yolla azad edək, amma bu alınmadı. 44 gün ərzində 30 illik işğala son qoyduq. Bundan qürurlu, bundan gözəl nə ola bilər ki? İllərin ağrısı, acısı Şuşaya ayağımız dəyən kimi hamısı yox oldu sanki. Birinci dəfə Şuşaya gedəndə diz çöküb ağladım.
Allah bu günləri bizə çox görməsin! Şad-xürrəm balalarımızı böyüdək doğma yurdumuzda. Ən böyük arzum elə doğulub boya-başa çatdığım yurdumda təhsil işçisi kimi fəaliyyətimi davam etdirməkdir.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 49 ailə (191 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
phrase_var_article.chosen
1
1
oxu.az

10phrase_var_article.sources