AZ

UEFA-dan Azərbaycana ilginc xəbərdarlıq - Santuş gedir, ya qalır?

“Məşqçi futbolçularla işləyə bilmir, məğlubiyyət ard-arda gəlir”

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Azərbaycanın futbol millisinə xəbərdarlıq edib. Xəbərdarlıq Azərbaycan yığmasının İsveçə 6:0 hesabı ilə uduzduğu Millətlər Liqası matçında “komandanın qeyri-münasib davranışı” ilə əlaqədardır. 

Sözügedən qarşılaşmada Fernando Santuşun baş məşqçi olduğu yığmanın futbolçularından 5-i sarı vərəqə alıb: Anton Krivotsyuk, Amin Seydiyev, Coşqun Diniyev, Bəhlul Mustafazadə və Toral Bayramov.

Yəni səbəb hakimin verdiyi sarı vərəqələrin çoxluğumu? Belə xəbərdarlıqların sayı ilə bağlı limitmi var, yoxsa...      

Xatırladaq ki, ötən həftə AFFA-nın Santuşla yolları ayıracağı, millinin başına yerli mütəxəssisin gətiriləcəyi haqda xəbər yayılmışdı. Məsələ nə yerdədir?

Natiq

Natiq Muxtarlı 

Tanınmış idman yazarı Natiq Muxtarlı UEFA-nın xəbərdarlığını bunlarla izah etdi: “Məsələn, bu bölmədə sarı vərəqə alınması ilə bağlı heç bir limit yoxdur. Sarı vərəqələrin çoxluğu qırmızı vərəqələrin sayına görə cərimələrin müəyyən edilməsinə səbəb olur. Bu, həm milli çempionatlara, həm də beynəlxalq turnirlərə aiddir. Sadəcə olaraq, Azərbaycan həmin oyunda həddindən artıq sarı vərəqə aldığı üçün bu, komandanın nizam-intizamının aşağı səviyyədə olduğunu göstərir. Ona görə də UEFA Azərbaycana xəbərdarlıq edir ki, komanda nizam-intizamı qaydaya salsın, yəni futbolçuların davranış qaydalarına nəzarət etsinlər. Burada söhbət nədən gedir? Söhbət ondan gedir ki, sən məğlub olanda da məğlub olmağı bacarmalısan. Azərbaycan yığma komandasının oyunçuları həmin oyunda niyə həddindən artıq sarı vərəqə aldılar? Çünki onların ustalıq səviyyəsi rəqibləri ilə müqayisədə yerlə göy qədər fərqlidir. İstedadlı futbolçularla bizim oyunçular arasında çox böyük səviyyə fərqi var. Ona görə də, oyunçularımız çatdıra bilmirdilər. Çatdıra bilməyəndə də aqressivləşirdilər. Rəqibə qarşı həddindən artıq kobud oynayırdılar. Ona görə də, xeyli oyunçu sarı vərəqə aldı. UEFA məhz bu məqamları nəzərə alır. Komandada işlər aparılmalıdır. Sən böyük hesabla uduza bilərsən. Amma bütün hallarda rəqibə qarşı aqressiv ola bilməzsən. Çünki, oyunçuların zədələnməsi UEFA üçün çox həssas məsələdir. UEFA istəmir ki, oyunçular lazımsız epizodlarda zədələnsin. Yaxud da hansısa oyunçu qəsdən kobud oynayaraq onları zədələsin. Həm də nəzərə alaq ki, İsveç millisində adlı-sanlı oyunçular oynayır. Bunlar Azərbaycan çempionatının oyunçuları deyil. Adlı-sanlı klublarda oynayırlar. Onların gəlib Coşqunla, Seydiyevlə mübarizədə zədələnməsi nə onun klubunun, nə də UEFA-nın marağındadır. Ona görə UEFA milli komandaya xəbərdarlıq edir ki, oyunçularınla iş apar və onları başa sal ki, sən zəif ola bilərsən, uduzarsan, amma rəqibə qarşı aqressiv olmaq olmaz. Rəqibi baltalamağa ehtiyac yoxdur. Söhbət bundan gedir. Tövsiyə xarakterlidir. Limit yoxdur, Azərbaycan iki və ya üç qırmızı vərəqə də ala bilərdi, yaxud 10 oyunçu da sarı vərəqə ala bilərdi. UEFA sadəcə borcludur, onu deməyə ki, oyunçularla iş aparın. Bütün bunlar onu göstərir ki, Azərbaycan komandasında vəziyyət çox acınacaqlı durumdadır. Məşqçi futbolçularla işləyə bilmir. Məğlubiyyət ard-arda gəlir. Futbolçuları da qınamıram. Meydana çıxırsan və görürsən ki, rəqib səndən 2 baş yox, 10 baş üstündür. Nəticədə sən onunla mübarizə apara bilmirsən, öz mövqeyində uduzursan. İstər-istəməz aqressiv olmağa başlayırsan. Məsələnin əsas mahiyyəti budur. UEFA-nın da xəbərdarlığı məhz buna əsaslanır”. 

Tanınmış

Kənan Məstəliyev

İdman mütəxəssisi Kənan Məstəliyev Santuşa ehtimadın davam etdiyini söylədi: “Burda hər hansı problem olmadığını düşünürəm. Belə xəbərdarlıq olur, olması da normaldır. Əsas odur mütəmadi olmasın, çünki bu, komandanın özünə ziyan vurur. Kobud oyun texniki və fiziki hazırlıq çatışmazlığından doğan bir hərəkətdir. İsveçlə matçda bunu daha çox gərginlik və məğlubiyyətlə gələn əsəblə bağlamaq olar. Santuşa gəlincə, o, işinə davam edəcək. Portuqaliyalı mütəxəssisə AFFA tərəfindən etimad göstərilir. C Liqasındakı biabırçı çıxışdan sonra da qurum onunla müqaviləni pozmadı, işləmək şansı verdi. İcraiyyə Komitəsinin bir neçə gün əvvəl baş tutan iclasında da bu ifadə edildi. Onun hesabatı dinlənilib, məşqçi yığmanın gələcək perspektivinə inamını ifadə edib. Odur ki, Santuşun göndərilmə ehtimalı yoxdur”.

Məsələyə AFFA-nın da mövqeyini aldıq. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli məsələyə belə şərh verdi: “Fernandu Santuş milli komandada qalır. Yazılanlar həqiqətə uyğun deyil. Fernandu Santuşun müqaviləsi davam edir. Digər məsələ isə adətən UEFA bir oyunda hər hansı komandanın futbolçusu çox sarı vərəqə alanda belə bir xəbərdarlıq edir. Burda cərimə yoxdur. Sadəcə xəbərdarlıqdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
13
50
musavat.com

10Mənbələr