AZ

Qərbi Azərbaycan Xronikası: Dərələyəz mahalında toy adətləri

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Toy günü qırmızı almanın verilmə səbəbi” adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Dərələyəz elində bayram adətləri, toy keçirmə qaydalarından söz açıb.

O bildirib ki, Dərələyəz mahalında toyların, bayramların keçirilmə qaydası müxtəlif olub. Xəşilin üzərinə bəkməzdən günəş şəkli adətə görə çəkilirdi. Hamamdan çıxandan sonra heyva dilimləyib yemək, həmçinin ilaxır çərşənbə gecəsi xeyir-şər ruhları fəallaşır deyə qədr tutmaq lazımdır.

O, oğlan uşağını küldən çıxarmaq adətinin mənası, toylarda verilən yeməklər, alma ilə vurma adəti, toy günü qırmızı almanın verilmə səbəbi, oğlanların ciyəraxşamı mərasiminin əsas qaydaları ilə bağlı maraqlı faktlara aydınlıq gətirib.

A.Cəfərova qızların hamamlaşma mərasimi zamanı oynadıqları oyunlar və oxuduqları mahnılardan da danışıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

phrase_var_article.chosen
31
report.az

1phrase_var_article.sources