Seçilmiş prezident Donald Tramp Panama kanalının mülkiyyəti ilə bağlı prezident Mulinonun açıqlaması ilə razılaşmayıb...
Poliqon xəbər verir ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Panama kanalı uğrunda mübarizə aparacağına eyham vurub. Bu, Trampın “Truth Social “sosial şəbəkəsindəki səhifəsində dərc olunan mesajlardan belə görünür.
Tramp Panama prezidenti Xose Raul Mulinonun Şimali və Cənibi Amerikanı ayıran kanalın hər kvadratmetrinin yalnız Panamaya aid olması barədə bəyanatını şərh edərkən, “Biz bunu görəcəyik” deyə yazıb.
Tramp Panama kanalının üzərində ABŞ bayrağının dalğalandığı fotonu da yayıb.
“Birləşmiş Ştatlar Kanalına xoş gəlmisiniz”, deyə Tramp paylaşımında qeyd edib.
Xatırrladaq ki, bir gün əvvəl Tramp Panama kanalının yenidən ABŞ-nin mülkiyyətinə keçə biləcəyini deyib. Siyasətçinin sözlərinə görə, Panama tərəfindən kanaldan keçid üçün alınan rüsum “sadəcə gülüncdür”. Tramp həmçinin kanalın transferi müqaviləsinin şərtlərinə zidd olsa da, Çinin Panama kanalından istifadəni davam etdirməsindən narazılığını bildirib.
Daha sonra ölkə prezidenti Xose Raul Mulino ABŞ-ın gələcək prezidentinin bəyanatına cavab verib. Panama lideri vurğulayıb ki, gəmiçilik kanalı 1977-ci il müqaviləsi əsasında Panamaya məxsus olduğundan Vaşinqtonun mülkiyyətinə keçməyəcək.
Poliqon.info