Bakı, 24 dekabr, AZƏRTAC
"Azərbaycan xalçasının ehtişamı – Səfəvi dövrü xəzinəsi" adlı sərgi bu gün Azərbaycan Milli Xalça Muzeyində açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə nümayiş olunan möhtəşəm sənət əsərlərinin hamısı Azərbaycan tarixinin Səfəvilər sülaləsinin hakimiyyəti dövrünə aiddir. Bu əsərlər Əmir Oskoueinin şəxsi kolleksiyasının bir hissəsidir və Azərbaycan Milli Xalça Muzeyində sərgilənmək üçün xüsusi olaraq ABŞ-dən gətirilib.
Nümayiş olunan xalçaların əksəriyyəti Azərbaycan xalçalarının dünyada məşhur olan növləri, o cümlədən Qarabağ və Quba xalçaçılıq məktəbi ustaları tərəfindən Azərbaycanın Səfəvi şahlarının saraylarını bəzəmək üçün hazırlanmış “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalılarıdır.
Sərginin açılışında çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycanın bu nadir incəsənət xəzinələrini onların doğma vətənində ictimaiyyətə təqdim etməkdən böyük şərəf duyuruq. İnanırıq ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan incəsənətinin XVII-XVIII əsrlərdəki zənginliyini göstərməklə yanaşı, həm də Azərbaycan hökmdarlarının və əsilzadələrin nəfis yaşam tərzini, yüksək sənət zövqünü və nəcib mədəniyyətini əks etdirir. Bu əsərlər Azərbaycan tarixinin bir hissəsidir və ümid edirik ki, sərgi həm sənətsevərlərdə, həm də tarixçilərdə böyük maraq doğuracaq.”
Layihə bp-nin Azərbaycanın zəngin mədəni irsinin təbliği və tədqiqinə verdiyi davamlı dəstəyin bir hissəsidir.
Layihənin ümumi dəyəri təxminən 41 min 400 AZN-dir ($24,350). Bu xərclərin əsas hissəsini əsərlərin ABŞ-dan Azərbaycana və geri daşınması, sərginin təşkili, kataloqun hazırlanması və nəşri təşkil edir.
Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və “Amir Textiles&Rugs” MMC-nin birgə təşkilatçılığı, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” aviaşirkətinin dəstəyi ilə təşkil olunan sərgi 2025-ci il mayın 10-dək ictimaiyyət üçün açıq olacaq.
XVII-XVIII əsrlərə aid nadir Azərbaycan xalçalarından ibarət xüsusi sərgiyə bp sponsorluq edir.
Qeyd edək ki, bp şirkəti Azərbaycanda 32 ildir neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli, etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 111 milyon ABŞ dollarından çox vəsait xərcləyib.
Azərbaycanda bp şirkətində təxminən 2401 ölkə vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.