AZ

Karrager: “Artetanın qənimətlər qazanmaq vaxtı yetişib”

“Liverpul”un və İngiltərə yığmasının sabiq müdafiəçisi Ceymi Karrager “Arsenal”ın baş məşqçisi Mikel Artetanın fəaliyyətini qiymətləndirib.

Arena.az xəbər verir ki, ingilis təhlilçi ispan mütəxəssisin “topçular”ın sükanı arxasında qənimətlər qazanmağa başlamasının vaxtı çatdığını düşünür:

“Arsenal” və bir çalışdırıcı olaraq Mikel Arteta həlledici məqamla üzləşirlər. O, əla işlər görüb, amma indi qənimətlər qazanmağa başlamağın vaxtıdır”.

Yeri gəlmişkən, Ceymi Karrager “Liverpul”un İngiltərə Premyer Liqasının 17-ci turunda “Tottenhem” üzərində qazandığı 6:3 hesablı səfər qələbəsini şərh edib və bunun komanda üçün əhəmiyyətini dəyərləndirib:

“Bu, həqiqətən vacib bir oyun idi və mən “Liverpul”un sonuncu dəfə Premyer Liqanı qazandığını xatırlayıram. İlin bu vaxtında onlar “Lester Siti” ilə oynamışdılar və 4:0 hesablı qələbə qazanmışdılar. Bu, həqiqətən də əhəmiyyətli idi”.

“Tottenhem”in cənubikoreyalı hücumçusu Son Hın Min də “Liverpul”a 3:6 hesabıyla uduzduqları ev oyunundan danışıb:

“Burada şübhəyə yer yoxdur. “Liverpul” liderdir, ən yaxşı oyunçuları, fantastik nizam-intizamı var. Səhv etsəniz, onlar sizi cəzalandıracaqlar. Bu, çox, çox yaxşı komandadır. Futbol həmişə riskdir. Rahatlaşdığınız zaman bəzən qollar buraxırsan. Biz yaxşı gündə də, pis gündə də bir yerdə olmalıyıq. Bu oyun həm futbolçular, həm azarkeşlər, həm də klub üçün çox ağrılı oldu. Amma biz irəli getməliyik və güclənməliyik”, deyə Son Hın Min vurğulayıb.

Xatırladaq ki, “Liverpul” bu mövsüm Premyer Liqada keçirdiyi 16 oyunda 39 xal toplayıb və yarış cədvəlinin zirvəsində qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var. “Qırmızılar”ın ən yaxın izləyiciləri 35 xalı olan “Çelsi” və 33 xala malik “Arsenal”dır. Amma London təmsilçiləri “Liverpul”dan bir oyun çox keçiriblər. “Tottenhem”ə gəlincə, bu komanda 23 xalla 11-ci pillədə qərarlaşıb.

Seçilən
46
arena.az

1Mənbələr