ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Panamanı Panama kanalının ABŞ-ın nəzarətinə qaytarılması ilə təhdid edib. “Ölkəmizin talanması dərhal dayandırılmalıdır. Əgər bizim xoşməramlı jestimizin hüquqi və mənəvi prinsiplərinə riayət olunmasa, bu təqdirdə Panama kanalı bizə qayıtmalı olacaq”, - Tramp bildirib.
Axar.az xəbər verir ki, bu barədə danışan politoloq Kamran Cəfərov Trampın Panamanı faktiki işğalla hədələdiyini vurğulayıb.
Politoloq qeyd edib ki, Trampın qəzəblənməsinə səbəb Panamanın iddialarını artırması, Çinlə işbirliyi və ABŞ-a məxsus ticarət gəmilərindən aşırı yüksək vergilərin alınmasıdır:
“Panama - iqtisadi nöqteyi-nəzərdən vacib bir kanaldır və gəmilərin Atlantik və Sakit okeanları arasında ən qısa əlaqəsini təmin edir. Problemin isə uzun bir tarixçəsi var.
1903-cü ilin yanvarında ABŞ və Kolumbiya arasında Panama kanalının keçdiyi ərazinin ABŞ-a 100 il müddətinə icarəsi üçün saziş imzalandı. Müqaviləyə görə ABŞ Kolumbiyaya 10 milyon dollar birdəfəlik və hər il 250 min dollar ödəməliydi, Panama kanalı isə Kolumbiya dövlətinin yurisdiksiyasında qalırdı. O zaman Kolumbiyanın daxilində vətəndaş müharibəsi gedirdi və Kolumbiya parlamenti həmin müqaviləni ratifikasiya etmədi. Eyni zamanda Kolumbiyanın ərazisində ABŞ-ın dəstəyilə Panama dövləti yarandı və 1903-cü ilin noyabrında yeni yaranmış Panama dövləti və ABŞ arasında Panama kanalının ABŞ-ın icarəsinə yox, tam yurisdiksiyasına verilməsini nəzərdə tutan saziş imzalandı.
Panamalılar həmin kanalın nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu anladılar və fərqli tarixlərdə ölkənin daxilində kanalın Panama dövlətinin yurisdiksiyasına qaytarılması məsələsi gündəmə gəlirdi.
1968-ci ildə Panamada hərbi çevriliş baş verdi və dövlətin başına general Omar Torrixos gəldi. Ölkədə bir sıra islahatlara başlayan Torrixos bəyan etmişdi ki, həyatının əsas məqsədi Panama kanalının Panama dövlətinin yurisdiksiyasına qaytarılmasıdır.
ABŞ-ın Vyetnamda məğlibiyyətindən ilhamlanan Torrixos Vaşinqtonu artilleriya ilə kanalı vuracağı ilə hədələməyə başladı. Torrixos Panama üçün ən əlverişli tarixi məqam seçmişdi və 1977-ci ildə Pentaqon və MKİ-nin təkidlərinə baxmayaraq, Prezident Karter Torrixosun şərtlərini qəbul etdi və müqavilə imzaladı. Karter bildirirdi ki, SSRİ regionda sürətlə güclənir və onun güclənməsinin qarşısını almaq üçün ABŞ-ın region dövlətlərinə güzəştlər etməsi zəruridir. 1999-cu ildə isə kanal Panama dövlətinin yurisdiksiyasına keçdi”.