AZ

Qürbətdəki xalçalarımızla Vətəndə görüş

BP Azərbaycanın tarixi irsini himayə edir

Milli Xalça Muzeyində XVII–XVIII əsrlərə aid nadir Azərbaycan xalçalarından ibarət sərgi öz işinə başlayıb. BP şirkətinin sponsorluq etdiyi “Azərbaycan xalçasının ehtişamı – Səfəvi dövrü xəzinəsi” adlı sərgidə nümayiş olunan nadir sənət incilərinin hamısı Azərbaycan tarixinin Səfəvilər sülaləsinin hakimiyyəti dövrünə aiddir.

Sərginin açılış mərasimində bildirilib ki, Əmir Oskoueinin şəxsi kolleksiyasının bir hissəsi olan bu əsərlər ABŞ-dən Azərbaycan Milli Xalça Muzeyində sərgilənmək üçün xüsusi olaraq gətirilib. Nümayiş olunan sənət nümunələrinin əksəriyyəti Azərbaycan xalçalarının dünyaca məşhur növləri, o cümlədən Qarabağ və Quba xalçaçılıq məktəbi ustaları tərəfindən Səfəvi şahlarının saraylarını bəzəmək üçün hazırlanmış “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalılarıdır.

Sərginin açılışında çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu nadir Azərbaycan incəsənət xəzinələrini onların doğma vətənində ictimaiyyətə təqdim etməkdən böyük şərəf duyduqlarını bildirib: “İnanırıq ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan incəsənətinin XVII–XVIII əsrlərdəki zənginliyini göstərməklə yanaşı, həm də Azərbaycan hökmdarlarının və əsilzadələrin nəfis yaşam tərzini, yüksək sənət zövqünü və nəcib mədəniyyətini əks etdirir. Bu əsərlər Azərbaycan tarixinin bir hissəsidir və ümid edirik ki, sərgi həm sənətsevərlərdə, həm də tarixçilərdə böyük maraq doğuracaq.”

Xatırladaq ki, BP-nin Azərbaycanın zəngin mədəni irsinin təbliği və tədqiqinə verdiyi davamlı dəstəyin bir hissəsi olan bu layihənin ümumi dəyəri, təqribən, 41 min 400 manat təşkil edir. Xərclərin əsas hissəsini sənət incilərinin ABŞ-dən Azərbaycana və geri daşınması, sərginin təşkili və kataloqun hazırlanması və nəşri təşkil edir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və “Amir Textiles&Rugs” MMC-nin birgə təşkilatçılığı, ABŞ – Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” aviaşirkətinin dəstəyi ilə təşkil olunan sərgi 2025-ci il mayın 10-dək ictimaiyyət üçün açıq olacaq.

Yeri gəlmişkən, ölkəmizdə neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısı olan BP şirkəti bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməklə yanaşı, sosial, humanitar, təhsil, səhiyyə, idman, mədəniyyət və digər sahələrdə də bir sıra maraqlı təşəbbüslərlə çıxış edir, müxtəlif proqramlar həyata keçirir. Şirkət ölkəmizdə fəaliyyət göstərdiyi ötən 32 il müddətində öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə, təxminən, 85 milyard dollar sərmayə qoyub.

Azərbaycanda ən çox töhfə verə biləcəyinə inandığı sahələrə vəsait xərcləməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürən BP-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirib. Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından Azərbaycandakı sosial sərmayə layihələrinə ümumilikdə, təqribən, 111 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

 

 

Seçilən
40
xalqqazeti.az

1Mənbələr