AZ

Təyyarənin vurulması ssenarisi açıqlandı: “Hücum zamanı partlayış eşidilib, əvvəlcə pilotlar…”

Azərbaycana məxsus təyyarənin Aktauda qəzaya uğraması bir başqa tərəfdən də müzakirə edilir. Yerli və xarici mediada versiyalar hava gəmisinin vurulması yönündədir.

İki fikir var: birinci budur ki, təyyarə havada Ukraynaya məxsus dronla toqquşub. İkinci mülahizəyə görə isə uçaq Rusiyaya məxsus hava hücumundan müdafiə sistemi tərəfindən zədələnib.

Xatırladaq ki, Ukrayna ordusuna məxsus pilotsuz hava aparatları davamlı olaraq Çeçenistan ərazisinə hücuma keçirlər. Rusiya tərəf isə bu dronları zərərsizləşdirmək üçün hava hücumundan müdafiə sisteminin vasitələrindən istifadə edir. Ona görə də Azərbaycana məxsus təyyarənin bu qarşıdurma zamanı zədələnə biləcəyi deyilir.

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, baş verən avia-qəza sadə hadisə deyildi:

“Təyyarə ilə tez-tez səyahət edən insanlar AZAL-ın peşəkarlığına bələddir. Mən çox vaxt hava məkanında problemli situasiyalara düşmüş təyyarələrdə olmuşam və bu halda pilotlarımızın vəziyyəti necə ustalıqla ələ aldıqlarını da görmüşəm. Məlum qəzanın hansı səbəblərdən baş verdiyi isə olduqca maraqlıdır. İlk baxışdan terror hadisəsi kimi də qiymətləndirilə bilər. Çünki son baş verən hadisələrdə Qərbin, erməni lobbisinin həddindən çox ölkəmizə qarşı qalxması, Prezident İlham Əliyevin son çıxışları, COP29-da verdiyi ismarışlar, Türkiyə ilə yaxınlıq, Rusiya-Ukrayna müharibəsi və s. kimi hadisələr fonunda Azərbaycanın dünya siyasətində mühüm rol oynayan dövlətlər sırasında olduğunu göstərir.

ramiye

Ramiyə Məmmədova

Qroznıya enişin mümkün olmaması isə təyyarə ilə bağlı deyil, hava limanında müəyyən problemlə əlaqədardır. Verilən məlumatlara görə, təyyarə havada olduğu zaman Rusiyanın havadan müdafiə qüvvələri bir neçə dəfə güclü atəş açıb. Bu atəşlər də təyyarəyə tuş gəlib, nəticədə güclü partlayış baş verib. Ola bilər ki, pilotlar bunun nə olduğunu anlamayıblar. Ola bilsin, təyyarə Qroznıya enməmiş havada artıq atəşə tutulub”.

Ramiyə Məmmədovanın sözlərinə görə, Rusiya hava müdafiə sistemləri mülki təyyarəni Ukrayna dronları ilə səhv salmış ola bilər:

“Ukrayna və Rusiyanın bir-birini günahlandıraraq məsələni ört-basdır etməsi mümkün deyil. Əgər həqiqətən də təyyarənin qəzaya uğramasında bu iki ölkənin günahı varsa, qanun qarşısında cavab verməlidir”.

Politoloq Elşad Həsənov isə məsələyə belə münasibət bildirib:

“Dünən baş verən qəza ilə b ağlı araşdırma aparılır. Nəticələr məlum olduqdan sonra qəzanın səbəbləri aydınlaşdıırlacaq. Müasir dövrdə təyyarələrin marşrutları, hava şəraitləri asanlıqla öyrənilə bilər. Mediada yayılan məlumatlara görə, hava şəraitinin pis olması ilə yanaşı quşların təyyarəyə çırpılmasından sonra qəzaya uğrayan təyyarənin qalıqlarına baxdıqda açıq-aydın kənardan güllə, qəlpə izlərindən əmələ gələn dəlikləri görürük. Daha sonra verilən açıqlamalarda isə qəzaya qaz balonun partlamasının səbəb olduğunu bildirdilər. Lakin mediada yayılan səs yazılarından məlum olur ki, təyyarə hələ yerə çırpılmamış, sərnişinlərin bəzisi xəsarət alır. Stüardessa 20 nəfərin ön hissəyə gəlməsini deyir.

elsad

Elşad Həsənov

Təyyarənin arxa hissəsindən xeyli dəliklərin olduğunu da gördük. Bütün bunlar onu deməyə əsas verir ki, təyyarəyə hücum olub. Nəyin necə olduğu isə qara qutunun açılması, şahidlərin dindirilməsindən sonra məlum olacaq.

Reallıq ondan ibarətdir ki, bu gün Rusiya-Ukrayna müharibəsi davam edir. Kreml Ukraynanın torpaqlarının böyük hissəsini işğal edib, şəhərlər dağılır. Ukrayna daxilinə hər gün raketlərdən yayılım atəşləri açılır, zərbələr endirilir. Ukrayna PUA-ları da Rusiya daxilinə zərblər endirir. Qroznı və Mahaçqalada hava limanlarının bağlanmasına səbəb elə PUA hücumları və dumanlı hava şəraiti olub”.

E.Həsənov deyib ki, belə çətin vəziyyətdən sui-istifadə etməyə çalışan qüvvələr də var:

“Onlar bir-birilərinə qarşı bundan istifadə edir, yaxud da birbaşa Rusiyanın, yaxud da Ukraynanın günahının olduğunu vurğulayırlar.

Ümumiyyətlə, Azərbaycanla həmin ölkələrin münasibətlərinin korlanması istiqamətində atılan addımlardır. Müəyyən siyasi qüvvələr də sözügedən qəzanın quru yollarının bağlı olması ilə əlaqələndirirlər. Məqsəd əhalini çaşdırmaqdır. Yaxın günlərdə daha dəqiq məlumatlar əldə edəcəyik”.

Seçilən
23
1
turkustan.az

2Mənbələr