AZ

Rusiya-Azərbaycan münasibətləri: Qəzadan sonra "DİPLOMATİK SINAQ"

Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, təkcə Azərbaycan və Rusiya arasında yox, həm də beynəlxalq səviyyədə ciddi diplomatik və siyasi reaksiyalara səbəb olmuş hadisədir.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisənin araşdırılması və təyyarənin qəzasının səbəbləri üzərində aparılan mübahisələr hər iki ölkənin dövlətlərarası münasibətlərinin gələcəyinə təsir edəcək müxtəlif sualların yaranmasına səbəb olub. Çünki bu qəzanın səbəbləri, xüsusilə də uçuş zamanı baş verən hadisələr və təhlükəsizlik standartlarının pozulması, Rusiyanın məsuliyyətini gündəmə gətirir.

Bəs baş verənlərin fonunda Rusiya-Azərbaycan münasibətləri diplomatik müstəvidə hansı yöndən dəyişəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, baş verənlər sadəcə bir təsadüfdür:

"Bizim təyyarəmiz Rusiya tərəfindən bilərək hədəfə alınmayıb. Yəni, baş verənlər sadəcə olaraq üzücü bir təsadüfdür. Lakin sözügedən bölgənin müharibə zonası olduğunu nəzərə alsaq, heç bir dəqiq arqument bildirmək olmur. Hazırda hadisə yerində prokurorluq əməkdaşları və digər güc strukturları tərəfindən ciddi araşdırmalar aparılır. Bəlli olmayan digər məsələ odur ki, təyyarəmizin vurulması Ukrayna tərəfindən göndərilən dronlarla, yoxsa Rusiyanın hava hücumundan müdafiə sistemləri ilə həyata keçirilib".

Politoloqun sözlərinə görə, istintaqın nəticələrini gözləməkdə fayda var:

"Araşdırmalar hər şeyi sübuta yetirəcək. Bu prosesdən sonra rəsmi Rusiya adekvat şəkildə reaksiya verməlidir. Baş verən hadisəyə görə Azərbaycan tərəfindən üzr istənməli, həmçinin, kompensasiya ödənməlidir. Sözügedən addımlar hüquqi çərçivədə icra olunmalıdır. İstənilən halda, bu tip faciələrdə günahkar olan ölkənin rəsmiləri belə addımlar atırlar".

Kazım Kazımov: Azərbaycan tərəfindən üzr istənməli, həmçinin, kompensasiya ödənməlidir

Rusiya-Azərbaycan münasibətləri ilə bağlı söhbət açan Kazım Kazımov diqqətə çatdırıb ki, hazırda iki ölkə arasında olan münasibətlər yaxşı səviyyədədir:

"Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər müttəfiqlik xarakteri daşıyır. Xüsusilə, qərb dairələri və onun "əlaltıları" təyyarə qəzasını Bakı və Moskva arasında gərginlik kimi qiymətləndirməyə çalışırlar. Qeyd etmək istəyirəm ki, əgər Rusiya qeyri-adekvat cavab verərsə, bu barədə gərginlik kimi dəyərləndirmələr aparmaq olar. Hələ ki, bu barədə belə fərziyyə yürütmək doğru deyil".

Əli Hüseynov

Seçilən
80
41
bakivaxti.az

10Mənbələr