Bakı, 8 yanvar, AZƏRTAC
Düzünü desəm, ən yaxşı olacağımı gözləmirdim.
Bu sözləri AZƏRTAC-a açıqlamasında minifutbol üzrə Avropada 2024-cü ilin ən yaxşı müdafiəçisi seçilən Vüsal İsayev deyib.
O, bu ada layiq görüldüyü üçün xoşbəxt olduğunu bildirib: “Avropa Minifutbol Federasiya sosial şəbəkədə azarkeşlər arasında səsvermə keçirirdi. Mən də həmin futbolçular siyahısında var idim. Səs verən hər kəsə təşəkkür edirəm. Bu adı qazanmaq hər bir futbolçunun arzusudur. Ötən il yığma və klub səviyyəsində uğurlarımız oldu. “Birbaşa Bakı” ilə Çempionlar Liqasının qalibi olduq. Bunlar mükafata layiq görülməyimdə böyük rol oynadı. Bu uğuru sözlə ifadə etmək çətindir. Ən yaxşı seçilməyim Azərbaycanda minifutbolun inkişaf etdiyini göstərir”.
Hazırda “Birbaşa Bakı” komandasında çıxış edən oyunçu hədəflərindən də söz açıb: “Bildiyiniz kimi, bu ilin may ayında Azərbaycanda minifutbol üzrə dünya çempionatı keçiriləcək. Məqsəd turnirdə uğurlu nəticə qazanmaqdır. Doğma meydan amili bizim üçün əlavə üstünlük olacaq. Nəticə əldə edəcəyimizə inanıram”.