Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının Şura Məclisinin sədri Şeyx Məhəmməd bin Abdulla əl Aş-Şeyxin dəvəti ilə bu ölkəyə səfər ediblər.
Səfər çərçivəsində Allahşükür Paşazadə və nümayəndə heyətinin üzvləri yanvarın 8-də İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində yerləşən mənzil-qərargahında qurumun Baş katibi Hissein Brahim Taha ilə görüşüblər.
Görüşdə şeyxülislam Prezident İlham Əliyevin salamlarını İƏT-in Baş katibinə çatdırıb. A.Paşazadə Azərbaycanın 1991-ci ildə – hələ Sovet İttifaqı dağılmamışdan əvvəl İƏT-in üzvü olduğunu vurğulayaraq bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu əlaqələr hazırda Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir.
Sonra çıxış edən İƏT Baş katibi Azərbaycanın mövqeyini daim dəstəklədiklərini qeyd edərək COP29 tədbirinin uğurla keçirildiyini və konfransda iştirakdan məmnunluğunu bildirib. O, 2026-cı ildə İƏT dövlət və hökumət başçılarının 16-cı Sammitinin Azərbaycanda keçirilməsinin İƏT dövlətlərinin ölkəmizə etimadının göstərici olduğunu vurğulayıb. Baş katib şeyxülislamdan onun salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
XQ