AZ

Ursula fon der Lyayeni Mario Draqi əvəz edəcək?

Fransa prezidenti Emmanuil Makron Avropa Komissiyasının (AK) yeni rəhbəri vəzifəsinə Avropa Mərkəzi bankının (AMB) keçmiş rəhbəri və İtaliyanın keçmiş baş naziri Mario Draqinin namizədliyini təklif edib.AzVision.az İtaliyanın məşhur “La Repubblica” qəzetinə istinadən xəbər verir ki, Fransa lideri bir neçə dəfə müxtəlif həmsöhbətlərinə, o cümlədən Almaniya kansleri Olaf Şolza niyə Draqinin namizədliyi üzərində dayanmağın vacib olduğunu izah edib.

Onun fikrincə, Ukrayna münaqişəsinin nəticələrinə, “Donald Trampı beynəlxalq arenaya qaytara və bununla da Avropanı yenidən təcrid edə biləcək” Amerika seçkilərinə və digər məsələlər kimi çağırışlara qarşı durmaq üçün əsas məqsədə çatmaq üçün kifayət qədər nüfuza malik olan adama güvənmək çox vacibdir.

Bundan başqa, qəzet Almaniyanın belə bir təklifi dəstəkləyə biləcəyini qeyd edir. Çünki AK rəhbəri Ursula fon der Lyayen gələn il NATO-nun rəhbəri seçilə bilər. Amma İtaliya hökumətinin başçısı Ciorсia Meloninin Makronun təklifinə cavabının nə olacağı bəlli deyil. Belə ki, Kici hökumət sarayının razılığı olmadan italiyalının, yəni Mario Draqinin Avropa icra hakimiyyətinin rəhbərliyinə namizəd və ya seçilə bilməz.

“Bu namizədlik Avropa siyasi ailələri arasında münasibətlərə yenidən baxılmasını tələb edəcək”, - məqalədə deyilir.

Qeyd edək ki, AK-nin yeni tərkibi və prezidenti gələn il 6-9 iyunda Avropa parlamentinə seçkilərdən sonra müəyyənləşəcək. Bəzi ekspertlər Ursula fon der Lyayenin yenidən AK-nin rəhbəri vəzifəsinə seçiləcəyini iddia etsələr də, bir sıra skeptiklər bunun müşkül məsələ olduğunu vurğulayırlar.

Əvvəla , ona görə ki, xanım Lyayenin əleyhdarları onu Avropa İttifaqından çox ABŞ-nin marqlarının keşiyində durmaqda günahlandırırlar.

İknicisi isə, hələ ötən il noyabrın sonunda Rusiya ilə müharibə başlayandan bəri 100 min Ukrayna əsgərinin öldüyü barədə verdiyi bəyanat AK prezidentinin siyasi imicinə çox ciddi zərbə vurub. Qərbdə ona tutulan sərt iradlardan əlavə, xanım Lyayenin bəyanatından qəzəblənən rəsmi Kiyev, itkilər barədə qapalı məlumatların yalnız xüsusi səlahiyyətlərə malik şəxslərin açıqlamasına icazəsi olduğunu diqqətə çatdırdı.
Sonradan AK rəsmi şəkildə Ursula fon der Lyayenin bəyanatından həmin hissəni çıxarsa da, bu daldan atılan daş effekti verdi ki və AK prezidentinin passivinə isə daha bir mənfi xal yazıldı.

Emmanuil Makronun təklifinə gəldikdə isə, onun almaniyalı AK prezidentindən qisas almaq cəhdi də istisna deyil. Bir sıra ekspertlərin Ursula fon der Lyayenin ikinci dəfə bu qurumda liderlik kreslosunu saxlayacağı iddiası fonunda Fransa prezidentinin bəzi həmsöhbətlərinə artıq indidən Mario Draqinin namizədliyini təklif etməsi bu ehtimalı daha da gücləndirir.
Qisas motivinin kökü isə bu il aprelin əvvəllərində Makron-Lyayen tandeminin Pekinə səfəri öncəsi baş verən müəmmalarla bağlıdır.


Belə ki, onda öncə yalnız Makronun Çinə səfəri nəzərdə tutulsa da, qəfildən AK prezidentinin də ona qoşulması zərurəti yarandı. Bu zərurətin isə məhz Vaşinqtondan ünvanlandığı heç bir şübhə doğurmurdu. Çünki bir ara Moskva və Pekin ilə müstəqil dialoq eşqinə düşən Fransa prezidentinə qarşı okeanın o tayında ciddi inamsızlıq yaranıb. Məhz bu səbəbdən də, Vaşinqton Ursula fon der Lyayeni Emmanuil Makronun üzərində nəzarətçi kimi Pekinə ezam etmişdi ki, farnsızın orada separat danışıqlar aparmaq həvəsini cilovlasın.

Bu isə siyasi-diplomatik kontekstdə Fransa prezidentinə qarşı ən ağır təhqir idi və görünür Emmanuil Makron indi həmin təhqirin qisasını almağa çalışır. Amma gücü çatmayan Vaşinqtondan yox, Ursula fon der Lyayendən.
Sahil İsgəndərov
AzVision.az

Seçilən
230
azvision.az

1Mənbələr