Bakı, 10 dekabr, AZƏRTAC
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açıblar.
Tədbir iştirakçılarına şəhidlərimizin şərəfli həyat yolları haqqında məlumat verilib.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.