AZ

Xətai rayonunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Dekabrın 11-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin  qurucusu, Ümummilli Lider  Heydər Əliyevin anım günü ilə bağlı “Nə qədər ki Azərbaycan var, mən də varam…” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Xətai rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar.
YAP Xətai rayon təşkilatının qərarğahında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü  bu missiyanı müəyyən mənada özündə ehtiva edir. Daim qeyd edilir ki, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Onun hakimiyyətinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, özünüdərki və soykökə qayıdışı təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi.
Rafiq Quluyev qeyd edib ki, Ümummilli Lider hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından ən qabaqcıl diyarına çevirdi. Dahi rəhbər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı həmin dövrün xaosundan, anarxiyasından, iqtisadi böhranından, torpaqlarının işğalından xilas etdi. Bir sözlə, Azərbaycanı yenidən qurdu.  Ümummilli Liderin  ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər  xalqımızın böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı onu da xüsusi qeyd edib ki, Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı mühüm xidmətlərindən biri 2003-cü ildə xalqa tarixi müraciətidir. Həmin müraciətdə Ulu Öndər namizədliyini cənab İlham Əliyevin xeyrinə geri  götürdüyünü önə çəkərək belə bir inamı ifadə etmişdi ki, axıra çatdıra bilmədiyi işləri, planları  İlham Əliyev xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra çatdıra biləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bütün arzularını reallığa çevirdi. Bu gün hər birimiz sonsuz qürur hissi keçiririk ki, Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada və digər işğaldan azad  edilmiş ərazilərimizdə dalğalanır.
Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, tədbirin mövzusu Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın mənzərəsini təqdim edir. Bu tezis Ulu Öndər Heydər Əliyevə məxsusdur: “Nə qədər ki Azərbaycan var, mən də  varam. Mən isə Azərbaycanda  əbədi olacağam!” Bütün mənalı ömrünü Azərbaycanın bugününə və gələcəyinə həsr edən Ümummilli Lider Heydər Əliyev daim ölkəmizi zirvələrdə görmək istəyirdi. O, hakimiyyətinin birinci dövründə Azərbaycanın  gələcəkdə müstəqil görmək istəyini atdığı biri-birindən mühüm addımları ilə nümayiş etdirdi. Belə ki, gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, milli hərbçi kadrların yetişdirilməsi dahi rəhbərin bu istəyinin bariz nümunəsi idi. Ümummilli Liderin o illərdə Azərbaycanın  bu günü üçün atdığı addımlardan biri də 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması idi.
Vüqar Rəhimzadə  vurğulayıb ki, Ümummilli Liderin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması dahi şəxsiyyət  Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.
YAP Xətai rayon təşkilatının sədri Ümummilli Liderin xidmətlərinin miqyasının genişliyi fonunda belə bir ümumiləşdirməni aparıb ki, Heydər Əliyevin adı çəkiləndə  göz önünə Azərbaycanın gəlməsi, Azərbayan deyiləndə isə Ulu Öndərin xatırlanması səbəbsiz deyil.  Əgər Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gun Azərbaycan adlı dövlətdən danışmaq mümkün olmazdı. 2003-cü ildən başlanan yolun uğurları da Heydər Əliyev siyasətinin təntənəsidir. Prezident İlham Əliyev Ümummilli Liderin Ona olan inamını, xalqın etimadını layiqincə doğrultdu. Dövlətimizin başçısı Azərbaycanı  Ümummilli Liderin görmək istədiyi Azərbaycan səviyyəsində dünyaya təqdim etdi. Həmin Azərbaycan ərazi bütövlüyü bərpa edilən, müasir müstəqil, qalib Azərbaycandır!
Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov çıxışında Azərbaycanın  qalibiyyətindən geniş bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində ən yüksək zirvələri fəth edən Azərbaycan  bu gün yeni reallıqları ilə dünyanın diqqətindədir. Bu reallıqların müəllifi qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov hər bir ölkənin tərəqqisində və inkişafında əsas faktor olan lider amilinin rolundan bəhs edib. Bildirib ki, milli lider ölkənin gələcəyini öncədən görmək, irəli sürdüyü ideyaları ilə ölkəni inkişafa, tərəqqiyə aparmaq bacarığına malik olur. Ümummilli Lider Heydər Əliyev bu keyfiyyətləri özündə ehtiva edən tarixi şəxsiyyətdir. Ulu Öndər hakimiyyətinin hər iki dövründə Azərbaycanı düşünülmüş və məqsədyönlü  siyasəti ilə  inkişaf etdirdi,  daim zəfərlərə doğru addımlamasını şərtləndirdi.
Vaqif Abbasov diqqəti Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra millətimizin illərdir ürəyində gəzdirdiyi bu arzusunun reallığa çevrilməsinə  yönəldib. Bildirib ki, dahi şəxsiyyət bu çağırışı etdi ki, neft Azərbaycan xalqının ən böyük sərvəti olub, yalnız indiki deyil, gələcək nəsillərə mənsubdur. İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi bugünümüzə hesablanmış mühüm addım oldu. Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanması ölkəmizin iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi.
Vaqif Abbasov Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin adını tariximizə torpaqlarımızın xilaskarı  kimi qızıl hərflərlə yazdırmasını böyük qürur hissi ilə qeyd edib.
Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, Vətən Müharibəsi Qəhrəmanları Zaur Quliyev və Zaur Hüseynov, şəhid polkovnik-leytenant  Babək Ramaldanovun atası Meyvəddin  Ramaldanov çıxışlarında tarixi Zəfərimizi şərtləndirən amillər sırasında Azərbaycan Ordusunun gücünü, qüdrətini, ən əsası Vətən, torpaq sevgisini xüsusi vurğulayıblar. Gənclər adından çıxış edən 6 saylı “ASAN xidmət”in baş mütəxəssisi, Vətən müharibəsi şəhidi Kamaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədzadə bildirib ki, gənclərə diqqət və qayğı, onların milli ruhda tərbiyə edilməsi  Ümummilli Liderin  fəaliyyətində xüsusi yer tuturdu.
Çıxışlarda ümumi fikir bu olub ki, nə qədər ki Azərbaycan dövləti, xalqı var, Heydər Əliyev daim xatirələrdə yaşayacaq.
Sonda Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Seçilən
201
tribunainfo.az

1Mənbələr