AZ

Azərbaycanın U-21 millisinin oyunlarının stadionunun dəyişdirilməsinin səbəbi müəyyənləşib

Azərbaycanın U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya və Lüksemburqla keçirəcəyi ev oyunlarının stadionunun dəyişdirilməsinin səbəbi müəyyənləşib.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli “Report”a açıqlamasında bunu “Dalğa Arena”da renovasiya işlərinə başlanılması ilə əlaqələndirib.

Onun sözlərinə görə, son vaxtlar stadionda yüklənmə olduğundan, ot örtüyü yararsız hala düşüb: “Araz-Naxçıvan”ın çempionat matçının ardından, oktyabrın 2-də işlərə start verilib. Son vaxtlar millinin məşqləri, oyunları, “Araz-Naxçıvan”ın görüşləri səbəbindən müəyyən yüklənmə yaranmışdı. Əsas yığmanın İordaniyaya qarşı matçında ot örtüyünün yaxşı vəziyyətdə olmadığını gördük. Bu üzdən örtüklə bağlı renovasiya işlərinin aparılmasına ehtiyac yarandı”.

Assosiasiya rəsmisi əlavə edib ki, əsas yığmanın AVRO-2024-ün seçmə mərhələsində Estoniyaya səfəri ərəfəsində məşqləri “Dalğa Arena”nın 3-cü meydançasında keçiriləcək. Renovasiya işlərinin ayın sonunda yekunlaşması gözlənilir.

Qeyd edək ki, U-21 millimiz oktyabrın 12-də Şimali İrlandiyanı, 17-də isə Lüksemburqu “Azərsun Arena”da qəbul edəcək. Hər iki görüş saat 18:00-da başlayacaq.

Seçilən
353
15
report.az

10Mənbələr