Yeni il ilə bağlı “Bakı Metropoliteni” QSC tərəfindən altı stansiyada Milad ağacı quraşdırılıb.
Bu barədə Ucnoqta.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq, Yeni ilin gəlişi münasibətilə silsilə tədbirlər başlanılıb.
Bayram ovqatlı tədbirlərə “İçərişəhər”, “28 May”, “Sahil”, “Elmlər Akademiyası”, “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının vestibüllərində müxtəlif oyuncaqlarla bəzədilmiş şam ağaclarının quraşdırılması ilə başlanılıb.
Ənənəyə uyğun olaraq, qatarlardan biri bayram ovqatı ilə bəzədilib. Hər gün xətlərdə müxtəlif marşrutlar üzrə hərəkət edən bu qatarın ön hissəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, yan hissələri isə Yeni ilin rəmzləri ilə bəzədilib.
Yeni ilin ilk günlərinə qədər bəzədilmiş qatar xətlərdə hərəkət edəcək, yolkalar stansiyalarda olacaq.
Bakı metropoliteni 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər dəfə sərnişinlərinin xüsusi rəğbətlə qarşıladığı tədbirlərin hazırlığını da yekunlaşdırıb.
Zəngin proqramlı tədbirlərə “İçərişəhər” stansiyasında retro vaqonların nümayişi, Şaxta baba ilə Qar qızın şən şousu, Bəhram Bağırzadə ilə görüş, dörd stansiyada konsert proqramları daxildir. Builki bayram tədbirlərinə daha biri də əlavə olunub: “İçərişəhər” stansiyasında Yeni ilə həsr olunmuş sərgi də açılacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta