Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ekspert komissiyaları yaradılır.
MediaPost-un məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda müşavirədə məlumat verib.
"Növbədənkənar Prezident seçkiləri ilə bağlı MSK-nın nəzdində vətəndaşların seçki hüququnu pozan qərar, hərəkətsizlik və hərəkətlərin araşdırılması üçün 9 nəfərdən, dairə seçki komissiyalarının tərkibində isə 3 nəfərdən ibarət ekspert komissiyaları yaradılır", - o deyib.
A.Muxtarova bildirib ki, daxil olan şikayətlərdə qanunsuz hərəkətin məzmunu əks etdirilməlidir: "Hərəkətsizlik hər hansı seçki subyektinin qanunla üzərinə düşən vəzifəni icra etməməklə özünü ifadə edir. Belə olduğu halda bu barədə məlumat təqdim edilmiş şikayətdə öz əksini tapmalıdır".