"Kəpəz" klubu mövsümün ikinci yarısında da ev oyunlarını Tovuz şəhər stadionunda keçirmək istəyir.
Bu barədə MediaPost-a Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
"Hələlik bununla bağlı yekun bir şey yoxdur. Hazırda müzakirə gedir", - bölgə klubundan bildirilib.
"Sarı-göylər" Azərbaycan Premyer Liqasının XIX turunda isə "Turan Tovuz"u Qəbələ şəhər stadionunda qəbul edəcək. "Kəpəz" tərəfi rəqib məhz Tovuz təmsilçisi olduğu üçün bu addımı atdıqlarını vurğulayıb. Qərb derbisi yanvarın 22-də, saat 17:30-da start götürəcək.
Qeyd edək ki, "Kəpəz" Gəncə şəhər stadionundakı yenidənqurma ilə əlaqədar 2023-cü il oktyabrın ortalarından ev matçlarını Tovuzda keçirib. Komanda Premyer Liqada 18 turdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.