AZ

Üçqat dünya və ikiqat Avropa çempionu Azərbaycan millisinin heyətindən çıxarılıb

Yunan-Roma güləşi üzrə üçqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) Xorvatiyada keçiriləcək “Zaqreb Open”də iştirak edəcək Azərbaycan millisinin heyətindən çıxarılıb.

MediaPost-un məlumatına görə, 31 yaşlı titullu idmançı yanvarın 10-da startı veriləcək yarışda iştirak etməyəcək.

Onunla yanaşı, qadın güləşçi Elnurə Məmmədova (53 kq) da Xorvatiyanın paytaxtındakı turnirdə yer almayacaq.

Azərbaycan milliləri 2024-cü ilin ilk yarışında 26 güləşçi ilə mübarizə aparacaq.

İlk iki gündə məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilər İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Qadjiyev (74 kq), Osman Nurmaqomedov, Arseniy Cioyev (hər ikisi 86 kq), Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq) xalça üzərinə çıxacaqlar.

Daha sonra qadın güləşçilər yarışacaqlar. Baş məşqçi Semyon Çterev və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) uğur qazanmağa çalışacaqlar.

Yarışın son günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) turnirdə iştirak edəcəklər.

Yarışda I kateqoriyalı hakim Kamran Əliyev ədaləti qoruyacaq.

Qeyd edək ki, yanvarın 14-dək keçiriləcək “Zaqreb Open” turniri reytinq xarakterlidir.

Xəbərlər departamenti

Seçilən
40
46
mediapost.az

10Mənbələr