AZ

“Erməni ordusu sərhəddən ən az beş kilometr geri çəkilir” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Medianews.az xəbər verir ki, süjetdə rəsmi İrəvanın təklif etdiyi “güzgü prinsipi”, eləcə də “Aniv” Erməni Araşdırmalarının İnkişafı və Dəstəyi Fondu tərəfindən irəli sürülən “Ermənistan qoşunları Gorusdan tamamilə çıxarılır, Azərbaycan ordusu isə Sevan (Göyçə) gölünü tam nəzarətə götürür” iddiası ilə bağlıdır.

Bildirilib ki, “güzgü prinsipi”, yəni  qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi Azərbaycan ordusunun dövlət sərhədində strateji yüksəkliklərə nəzarəti itirməsinə hesablanmış plandır. “Aniv” fondu isə bu planın Göyçənin Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnəcəyini yazır və Ermənistan üçün təhlükəli olduğunu iddia edir.”

Diqqətə çatdırılıb ki, bu iddialar Ermənistanda ictimai rəyi hakimiyyətə qarşı yönləndirmək kimi görünür: “Ermənistanda qorxu yaradan əsas amil Azərbaycan ordusunun sərhəd boyu ərazilərdə strateji mövqelərə sahib olmasıdır. Hərçənd, rəsmi Bakı ən yüksək səviyyədə yeni müharibədə maraqlı olmadığını dəfələrlə bəyan edib. Bundan sonra Azərbaycanın əsas hədəfi danışıqlar yolu ilə sülhə nail olmaqdır”.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında müharibə riski mövcuddur, xüsusilə rəsmi İrəvanın sülh gündəliyini arxa plana keçirmək və yeni şərtlər yaratmaq məqsədilə hərbi təxribatlara başlaması planları istisna edilməməlidir: “Lakin hazırda sülh gündəliyi ön plandadır və hər şey Ermənistandan asılıdır, çünki rəsmi Bakı yaxın dövrdə ən azı sülh sazişi ilə bağlı niyyət sənədinin imzalanmasında maraqlıdır. 44 günlük müharibədən sonra Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməməsi, xüsusilə Zəngəzur dəhlizindən imtina etməsi prosesin reallaşmasını çətinləşdirib. Sülhdə maraqlı olan Azərbaycan isə prosesi sürətləndirmək məqsədilə sərhədin delimitasiyasının sonraya saxılanılması təklifini irəli sürüb. Çünki delimitasiya uzunmüddətli işdir, əgər sülh sazişi sərhədin müəyyən edilməsi çərçivəsində müzakirə edilərsə, bu halda sazişin imzalanması üçün illər lazım olacaq. Eyni zamanda, sovet xəritələrinin saxlanıldığı Rusiyanın prosesə qoşulması ilə nəticələnəcək ki, bu da ikitərəfli formatda danışıqların pozulması ilə nəticələnə bilər”.

Sonda vurğulanır ki, Azərbaycan regionun təhlükəsizliyi və gələcəyi naminə sülh sazişinin imzalanması önündəki əngəlləri aradan qaldırmaq ssenarisindən çıxış edir: “İndi top Ermənistanın meydanındadır. Belə ki, sülh sazişinin imzalanması üçün ya Bakının haqlı tələblərini qəbul etməli, yəni  Naxçıvana “maneəsiz keçid” verməli və azərbaycanlı qaçqınların öz evlərinə qayıdışını təmin etməli, ya da Azərbaycan əsgərinin silahının kölgəsi altında “dalan ölkə” kimi qalmaq taleyi ilə barışmalıdır”.

Seçilən
269
10
medianews.az

10Mənbələr