AZ

Bakıdakı Aİ missiyasının rəhbəri bu təlimatı Brüsseldən, ya Parisdən alıb...(?)

Image

Xəyal Bəşirov: “Məsələyə kompleks yanaşsaq görərik ki, bu böyük bir antiazərbaycan prosesinin tərkib hissəsidir”

44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən və 2023-cü ilin 19-20 sentyabr hadisələrindən sonra bir sıra beynəlxalq qurumlar Azərbaycana qarşı açıq düşmənçilik siyasəti həyata keçirir.

Dövlətimizin öz  suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi, Avropa İttifaqı (Aİ) başda olmaqla, bəzi beynəlxalq qurumları və dövlətləri ciddi narahat edib. Bir qayda olaraq, ölkəmizə qarşı "söz və mətbuat azadlığı", ifadə azadlığı" kimi nəsnələrdən təzyiq vasitəsi kimi istifadə etməyə öyrəncəli olanlar yenə də bu yolu tutublar. 

Belə ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko (Peter Michalko) bu ölkədə jurnalistlərə qarşı "mövcud münasibətdən narahatlığını" ifadə edib.

“Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə qarşı ləyaqəti alçaldan rəftara dair xəbərlər məni sarsıtdı. Bu, xüsusilə məhkəmə zallarında qandallanan, şüşə qəfəslərə salınan və ya əsas insan ehtiyaclarından məhrum olan gənc qadınlara aiddir. Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var”. Azadlıq Radiosunun yaydığı məlumata görə, P. Mixalko bu barədə X platformasındakı hesabında yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə isə öz növbəsində ölkəsinin məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu və ona müdaxilənin qəbuledilməz olduğunu bildirib. O, bu barədə “X” hesabında yazıb.

Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun fikirlərinə cavab verən XİN rəsmisi qeyd edib ki, bu iddialar tam əsassızdır: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.

Azərbaycan XİN sözçüsünün Azərbaycan məhkəmələrini qaralayan P.Mixalkoya şillə kimi cavabı xarici diplomata yəqin ki, çox şeyi, başlıcası isə, Azərbaycanın daxili işlərinə müdaxilə etməməyi xatırlatmış olub.

Keçən ay Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul etmişdi, bu ay Fransa Senatı qətnamə verib. Ola bilərmi ki, o bu sifarişləri Brüsseldən, Avropa Parlamenti rəhbərliyindən, Avropa Birliyi rəhbərliyindən, ya da Fransadan, Parisdən alsın?

“Bu mövqe heç də hansısa jurnalistlə, məhkəmədəki hansısa məsələ ilə  bağlı deyil” 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Bakı-Xəbər”ə “ Avropa İttifaqının bəzi dövlətlərində Azərbaycana qarşı növbəti “səfərbərliyin” şahidi oluruq. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra onların antiazərbaycan mövqeyini tez-tez görməsək, hətta təəccüblənərik. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz Cənubi Qafqazda yeni reallıq formalaşdırdıq və Aİ-yə üzv olan bəzi dövlətlərin, məsələn Fransa kimi ölkələrin bu istiqamətdə dəstək verdiyi işğalçı Ermənistanı məğlub etdik, bölgədə tarixi, siyasi ədaləti bərpa etmiş olduq. Aİ diplomatının bu mövqeyi də Aİ dövlətlərindəki “səfərbərliyin” davamıdır. Yəni bu mövqe heç də hansısa jurnalistlə, məhkəmədəki hansısa məsələ ilə  bağlı deyil. Yaxud da bu, Avropa Parlamentinin Azərbaycanda jurnalistlərə, eləcə də digər peşə sahiblərinə münasibətdə məhkəmələrdə hansısa “qanun pozuntuları” ilə əlaqədar deyil. Biz bu prosesə ümumilikdə yanaşmalıyıq. Yəni sadəcə bu məsələ ilə onların mövqeyinə yanaşmamalıyıq. Məsələyə kompleks yanaşsaq görərik ki, bu böyük bir antiazərbaycan prosesinin tərkib hissəsidir.  Buna qədər də jurnalistlər qanuna və hüquqazidd addımlarına görə mühakimə olunublar, bu zamana qədər də Azərbaycanda məhkəmə prosesləri keçirilib, amma biz belə mövqeyin şahidi olmaşıdıq”-deyə bildirdi. 

X.Bəşirovun sözlərinə görə, Avropa İttifaqının Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalkonun özünün sosial şəbəkə hesabında bu fikri bildirməsi əslində rəsmi Brüsselin son zamanlar bir tərəfdən guya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək göstərmək, digər tərəfən də, reallıqda bu prosesə mənfi təsir göstərən münasibətinin tərkib hissəsidir.   O hesab edir ki, bunu demək üçün əlimizdə kifayət qədər əsaslar var. X.Bəşirovun bildirdiyinə görə, Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin iştirakı ilə 6 görüş keçirilib, ondan başqa keçirilən görüşləri də nəzarə alsaq, bu görüşlərin sayı çoxdur, amma heç bir nəticə əldə edilməyib. X.Bəşirov qeyd etdi ki, bu da nəticə etibarı ilə orada iştirak edən dövlətlərin prosesi pozduğunu göstərib. Keçən ilin oktyabrında  Qranadada  keçirilməli olan növbəti görüş öncəsi Azərbaycana qarşı əsassız ittihamlar səsləndirdilər, Fransa, Almaniya Azərbaycanın haqlı tələbi ilə Türkiyənin orada iştirakına çox sərt təpki göstərdi. “Onların bütün qeyri-neytral, ədalətsiz və qərəzli yanaşmasını nəzərə alan Azərbaycan Qranada görüşündən imtina etmək məcburiyyətində qaldı. Təbii ki, ondan sonra biz Avropa İttifaqından və ayrı-ayrı təsisatlarında, ona üzv olan dövlətlərdə bizə qarşı daha güclü səfərbərliyin şahidi olduq.   Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirlər. Torpaqları 30 il erməni işğalında qalan, abidələri məhv edilən, 1 milyona yaxın vətəndaşı qaçqın düşən Azərbaycanda bütün bunlar o təşkilatların rəhbərlərinin  gözləri qarşısında baş verib. Bütün bunları görə-görə Azərbaycana iftira atırlar, qərəzli mövqe göstərirlər. Düşünürəm ki, 30 il ərzində ədalətsiz mövqe nümayiş etdirən bir təsisatdan 30 ildən sonra, xüsusən də Azərbaycanın mövqeyinin gücləndiyi, 30 illik reallığı dəyişən bir prosesi ortaya qoyduğu məqamda  hansısa ədalətli mövqe nümayiş etdirməsini gözləmək sadəlöhvlük, eyni zamanda mümkünsüz olar. Fikrimcə, Avropa İttifaqı əslində bütün addımları ilə antiazərbaycan mövqeyini ortaya qoyur. Məsələn, Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı müzakirələr aparır. Müzakirənin adı da “Qarabağda erməni dini və mədəni irsinin qorunub saxlanılması”dır. Ümumiyyətlə, Qarabağda hansı erməni dini, mədəni irsindən söhbət gedə bilər? Bu, bu məsələdə çox həlledici sual olmalıdır.  Konfransın özünün adından görünür ki, bu proses qərəzli prosesdir. Biz İkinci Qarabağ müharibəsi reallaşana, torpaqlarımızı işğaldan azad edənə qədər işğal olunan Qarabağda və ətraf ərazilərdə hansı vəhşiliklərin törədildiyinin canlı şahidi deyildik. Amma İkinci Qarabağ müharibəsindən sonra biz orada baş verən proseslərin reallığını görmüş olduq. Gördük ki, orada hansı vəhşiliklər törədilib...” 

X.Bəşirov qeyd etdi ki, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbərinin mövqeyi də, digər məsələlər də antiazərbaycan təbliğatın tərkib hissəsi kimi vahid mərkəzdən idarə olunur. O hesab edir ki, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbərinin iddiaları da, Azərbaycana qarşı qəbul edilən müxtəlif əsassız qətnamələr də bir-birinin davamıdır və onlara sifariş eyni yerdən verilir.  

İradə SARIYEVA





Seçilən
277
50
baki-xeber.com

10Mənbələr