AZ

Bələdiyyələrin sayı niyə azaldırılır - Referendum gözləntisi...

Azərbaycanda dekabrda keçirilməsi planlaşdırılan növbəti bələdiyyə seçkiləri öncəsi yerli özünüidarəetmə orqanlarında bir sıra dəyişikliklərin edilməsi gözlənilir. Bunun bağlı müvafiq təkliflər Milli Məclisə daxil olub.

 

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə daxil olan təkliflər iki qanun layihəsini əhatə edir. Layihələrdən biri “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında”, digəri “Bələdiyyələrin statusu haqqında” qanunları ilə bağlıdır.

 

Layihədə bələdiyyələrin birləşdirilməsi və sayının azaldılması ilə bağlı məsələr öz əksini tapıb. Məlumata görə, əhali sayı 3 mindən və ya evlərin sayı 1000-dən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Deputat əlavə edib ki, bu dəyişiklik bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq.

 

Qanunvericilikdə növbəti dəyişiklik bələdiyyələrin birləşmə proseduru ilə bağlıdır. Mövcud qaydalara əsasən birləşmək istəyən bələdiyyələrdə yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin bələdiyyələrin birləşməsi məsələsinə münasibət bildirməsini təmin edən yığıncaq keçirməlidir. Yığıncaqda iştirak etmiş vətəndaşların yarısından çoxu bələdiyyələrin birləşməsinin “lehinə” səs verdikdə, bələdiyyələr tərəfindən onların birləşməsi haqqında qərar qəbul edilir və baxılmaq üçün Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunur. Milli Məclis isə bələdiyyələrin birləşməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edir.

 

Yeni layihədə birləşmək üçün vətəndaşların münasibətinə ehtiyac olmayacaq. Bələdiyyələrin özləri birləşmək üçün birbaşa Milli Məclisə müraciət edəcək və parlament müvafiq qərar verəcək.

 

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2019-cu ilin dekabr ayında keçirilib, növbəti seçkilərin bu ilin sonunda keçirilməsi planlaşdırılır.

 

Sonuncu seçkidə ölkədə 1600-ə yaxın bələdiyyə formalaşıb. Əhalinin sayı 3000-dən az olan bələdiyyələrin sayı məlum deyil. Birləşmələrdən sonra ölkədə bələdiyyələrin sayının 500-ə enəcəyi gözlənilir.

 

Bəs bələdiyyələrin sayının azaldılmasında məqsəd nədir?

 

Qanunvericiliyə görə, bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq yerli əhalinin rəyini nəzərə almaqla birləşərək, yaxud ayrılaraq yeni bələdiyyə təşkil edə bilərlər. Ancaq bələdiyyələrin birləşdirilərək sayıbıb azaldılması zərurətinin niyə yarandığı barədə rəsmi açıqlama verilməyib. Ehtimal edilir ki, yerliözünüidarəetmə orqanlarının çevikliyini təmin etmək üçün onların sayının azaldılmasına ehtiyac duyulub.

 

Digər bir məsələ çoxdandır ictimaiyyətdə müzakirə olunan referendumdur. Müxtəlif kütləvi informasiya vasitələrində dərc olunan xəbərlərdə iddia edilir ki, tezliklə ölkədə referendum keçiriləcək və bu referendumda bələdiyyələrlə bağlı bir sıra dəyişikliklər ediləcək. Ümumxalq səsverməsində yerli icra hakimiyyətlərinə məxsus bir sıra səlahiyyətlərin bələdiyyələrə verilməsi, yəni yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin artırılması məsələsi də müzakirəyə çıxarılacaq.

 

Həqiqətən, zaman-zaman Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin az olması və onları etibarsız institut olması müzakirə olunub. Ekspertlər yerlərdə idarəetmənin daha şəffaf və etibarlı təmin olunmasını təşkil etmək üçün bələdiyyələrin səlahiyyətlərinin artırılmasını zəruri hesab edir.

 

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının IX fəsli bələdiyyələrə həsr olunub. Dəyişiklik olacağı təqdirdə bu fəsildə bir sıra yeniliklər öz əksini tapa bilər. Bunu isə zaman göstərəcək...

 

Modern Təhlil və Araşdırma Qrupu

Seçilən
276
50
modern.az

10Mənbələr