AZ

Ziddiyyətli utilizasiya: Köhnəsi asan gedir, təzəsi çətin gəlir | TƏHLİL

Ölkəmizdə nəqliyyat vasitələrinin utilizasiyası, başqa sözlə desəm, istismardan çıxarılması proseduru artıq bəllidir. Nazirlər Kabinetinin (NK) "Nəqliyyat vasitələrinin utilizasiya haqqının, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləğinin və birdəfəlik ödənişin həcminin təsdiq edilməsi haqqında" Qərarı bu sahədə hər şeyi müəyyən edir. Eyni zamanda, “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası” da təsdiq edilib.Beləliklə də, istismar müddəti keçmiş, ekoloji cəhətdən zərərli, həmçinin ağır yol-nəqliyyat hadisələrinin baş verməsi baxımından potensial təhlükə mənbəyi sayılan nəqliyyat vasitələrini "aradan götürmək" mexanizmi müəyyənləşdirilib. Əslində bu, qeyd olunan məqsəd naminə atılan növbəti addım, yeni vasitə və üsuldur. Bundan öncə köhnə avtomobillərin ölkəyə idxalına qadağa qoyulmuşdu.

Ümumiyyətlə, 2014-cü ildən ölkədə şəxsi nəqliyyat vasitəsinə sahib olmaq imkanları xeyli məhdudlaşıb. Hətta bu sahədə inzibati xarakterli qərarlar da tədbiq edilib. Öncə kreditlə avtomobil alınması şərtləri çətinləşdirildi, sonra mühərrik həcminə görə gömrük rüsumları ardıcıl bir neçə il qaldırıldı, 2015-ci ildə isə manatın devalvasiyası nəticəsində avtomobillərin satış qiymətləri iki dəfə artdı.

Odur ki, utilizasiya ilə bağlı hazırda bir qədər paradoksal mənzərə yaranıb. Bir tərəfdən utilizasiya vacib görünür və bu sahədə konkret mexanizmin olması zəruri sayılır, digər tərəfdənsə ölkədə mövcud nəqliyyat vasitələri parkında yenilənmə sürəti və imkanları məhduddur. Bu baxımdan, yaxşı ki haqqında söz açdığımız utilizasiya mexanizmi bir sıra ödənişlər nəzərdə tutmaqdan savayı, məcburi xarakter daşıyan heç bir element diqtə etmir.

Ona görə də, hökumətin təsdiq etdiyi utilizasiya prosesi və mexanizmi daha çox dövlətə səmərə gətirəcək. Utilizasiya ilə bağlı ödəniləcək məbləğlər kifayət qədər aşağıdır. Utilizasiya haqqı iki kanal vasitəsilə tutulacaq. Birincisi gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobilləri üzrə gömrük rəsmiləşdirilməsi, ikincisi isə mütəmadi keçirilən texniki baxış yolu ilə. Başqa sözlə desəm, istismar müddəti 4 ili keçən avtomobillər ölkəyə gətiriləndə gömrükdə, ölkə daxilində isə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdəsə ildə bir dəfə texniki baxışından keçən zaman utilizasiya haqqı ödəyəcəklər.


Qərarlar mətbuatda dərc olunduğu üçün rəqəmlərə təkrar toxunmuram. Qərardan gəlinən ilkin nəticə budur ki, istismar müddəti keçmiş nəqliyyat vasitələrinin, xüsusən də əhalidə olan minik avtomobillərinin istifadəsi çətinləşəcək. Çünki istismar xərcləri bahalaşacaq, yeni avtomobil sahibi olmaq isə indi hər vətəndaşın işi deyil.

Düzdür, yeni istehsal olunmuş, ekoloji və texniki cəhətdən təhlükəsiz nəqliyyat vasitələrinin ölkəyə idxalı üçün hökumət hər cür stimullaşdırıcı addımlar atır - gömrük rüsumları götürülür, müvafiq infrastrukturun yaranması üçün şərait təşkili olunur və sair... Lakin elektriklə işləyən nəqliyyat vasitələrinin geniş istehlakı üçün vaxt lazımdır. Əsas odur, ölkəmizdə istifadədə olan nəqliyyat vasitələri parkı təzələnsin. İndiyədək qəbul edilən qərarlar və atılan addımlar təəssüf ki, bunun əksinə xidmət edib. 2015-ci və 2016-cı ildən sonra ölkədə avtomobil parkı sürətlə köhnəlməyə doğru gedir. Qarşısıalınmaz prosesə çevrilən bu hal yaxşı tendensiya deyil.

İstifadədə olan avtomobilləri utilizasiyaya cəlb etməklə yanaşı, sözügedən sahədə yenilənmənin qayğısına da qalınmalıdır. Vətəndaşlarının müasir minik avtomobillərinə əlçatanlığı asanlaşmalıdır. Bəli, ölkəmizdə yerli avtomobil istehsalı da mövcuddur. Lakin yerli zavodlarımız istehsaldan çox yığıma üstünlük verir, istehsalla sırf xaricdən alınan ehtiyat hissələri hesabına məşğul olurlar. 2023-сü ildə ölkədə 3738 ədəd və ya əvvəlki illə müqayisədə 1689 ədəd çox minik avtomobili istehsal edilib. Ölkədə yeni avtomobil alanların sayı nə qədər çox olsa, utilizasiya da bir o qədər çox işə yarayar. Çünki utilizasiya həm də yeni avtomobil satışına xidmət göstərməlidir.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün

Seçilən
605
azvision.az

1Mənbələr