...2002-ci ildə dünya şöhrətli Müslum Maqomayevin 60 illik yubileyi Bakıda keçirilərkən ABŞ-da yaşayan görkəmli pianoçu, müşayiətçi, Xalq artisti Çingiz Sadıqov da okeanın o tayından sənət dostunu təbrik etməyə, onun yubiley gecəsinə qatılmağa gəlmişdi. Konsertdən sonra ulu öndər Heydər Əliyev adəti üzrə tədbir iştirakçıları ilə görüşərkən Çingiz müəllimin sənətinin çox doğma olduğunu belə ifadə etmişdi: “Çingiz Sadıqovun sənətdə ən böyük xidməti odur ki, sırf Avropa musiqi aləti olan royal onun sənətkarlığı sayəsində Azərbaycan milli musiqi alətinə çevrilib”.
O elə bir sənətkar idi ki, müşayiətçinin heç də vokalçının kölgəsi yox, səhnədə onun arxa-dayağı olduğunu anlatmışdı. İfaları virtuoz idi. Bu barədə söz düşəndə digər görkəmli pianoçumuz Fərhad Bədəlbəyli belə demişdi: “Pianoçunun əlləri həmişə isti olmalıdır. Məsələn, onun yaradıcılığından bəzən mənim barmaqlarım bumbuz olur, belədə çalmaq çətinləşir, gərək barmaqlarını ovuşdurub isidəsən. Amma Çingizin əlləri həmişə istidir, barmaqları həmişə sözünə baxır”. Bəlkə elə buna görə də Çingiz Sadıqovun ifası hərarətlidir, onun qəlbindən barmaqlarına axan şirinlik, könül qızdıran hərarət eşidənlərin qulaqlarından qəlbinə süzülür.
Çingiz Sadıqov1929-cu ildə anadan olmuşdu. Uşaqlıqdan musiqi təhsili almışdı. Sonradan Bülbül adına məktəb kimi formalaşacaq musiqi məktəbində, sonra da konservatoriyada təhsil almışdı. Öz xatirələrində deyirdi ki, mənim uşaqlığım olmayıb. Məktəbdən gələndə məhəllə uşaqlarını küçədə futbol oynayan, dalaşan görərdim, kənarda dayanıb beş dəqiqə onlara baxıb, evimizə qalxar, nahar edəndən sonra fortepianonun arxasına keçib 4 saat fasiləsiz çalardım. Bir də axşam yenidən düz 4 saat məşq edərdim.
Gələcəyin böyük pianoçusu belə yetişirdi. Üstəlik, Moskva konservatoriyasının aspiranturasını bitirəndən sonra onu ən azı, o vaxtkı SSRİ-nin böyük konsert salonları, ən nüfuzlu orkestrləri ilə solo çıxışlar, klassik fortepiano musiqisi ifaçısı karyerası gözləyirdi.
Amma bir gün… Moskvada təhsilini bitirib Bakıya qayıtmış gənc Çingizə böyük Bülbül zəng vurur: “Çingiz bala, – deyir, – mənim Orta Asiyaya qastrolum var, tərs kimi də Volodya (Bülbülün müşayiətçisi – pianoçu Vladimir Kozlov - müəl.) da xəstələnib. Mənə dedilər ki, sən Azərbaycan musiqisini çox yaxşı bilirsən, bəlkə məni müşayiət edəsən?”.
Təbii ki, 25 yaşlı pianoçu bu təkliflə razılaşır. Bülbül təxminən 1 ay Orta Asiyanın bütün respublikalarında konsertlər verir. İlk hissədə simfonik orkestrin müşayiətilə, 2-ci hissədə isə Çingiz Sadıqovun müşayiətilə çıxış edir. Sonradan Çingiz Sadıqov bu qastrol barədə deyəcəkdi: “Mən o zaman anladım ki, klassik piano ifaçılığının ardınca getsəm, dünyadakı minlərlə pianoçudan biri olacağam, amma Azərbaycan xalq mahnılarının, bəstəkar mahnılarının ifası yolunu tutsam, həm bu sahədə 1-ci olaram, həm də çox iş görərəm. Mənim missiyam Azərbaycan musiqisini təbliğ etməkdir”.
Gənc yaşda verilmiş belə uzaqgörən və düzgün qərar Çingiz Sadıqovun gələcək taleyini yönləndirdi. Bülbül, Rəşid Benbudov, Müslum Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar… daha kimlər səhnələrdə Çingiz Sadıqovun müşayiəti ilə parlaq çıxışlar etdilər.
Hərdən belə konsertlərdə qəribə hadisələr də baş verirdi. Sənətkar qəlbi kövrək, xasiyyəti də şıltaq olar. Bir gün Rəşid Behbudovun estrada orkestrinin müşayiəti ilə konserti olacaqmış, təbii ki, pianoda da Çingiz Sadıqov çalacaqmış. Necə olursa, konsertə az qalmış Rəşidin dediyi bir söz Çingizin xətrinə dəyir. Konsert başlayır, proqrama görə Rəşid Behbudov o zamanların çox məşhur “Я встретил девушку, полумесяцем бровь” (“Bir qızı gördüm, qaşları aypara”) mahnısı ilə çıxışına başlamalıymış. Orkestr mahnıya girişi ifa edir, amma müğənni oxumur. Orkestr mahnıya girişi bir də təkrarlayır, yenə də çaşqın müğənni oxumur, gözlərini müşayiətçiyə dikib ondan kömək istəyir, o da müğənninin üzünə baxmır. Orkestr 3-cü dəfə mahnının girişini verib xorla mahnının ilk misralarını oxuyur və həmin an Rəşid Behbudov da oxumağa başlayır. Salon bu çaşğınlığı indiki dillə desək, bir kreativ yanaşma kimi qəbul edərək alqışlayır. Demə, Rəşid Behbudov mahnının ilk misralarını qəfil unudubmuş və hər belə məqam yetişəndə mətni onun yadına salan Çingiz Sadıqov bayaqkı inciklik səbəbindən xatırlatma vermir. Konsertdən sonra barışan yaradıcılıq dostları uzun illər bu əhvalatı xatırlayıb gülərmişlər.
Yaşının ahıl çağında Amerika Birləşmiş Ştatlarına köçən Çingiz Sadıqov orada təkcə diaspor təşkilatlarımızın təşkil etdiyi tədbirlərdə çıxış etmirdi. Onun yaradıcılıq potensialına bələd olanlar pianoçunu müxtəlif konsertlərə dəvət edirdilər. Beləcə, Çingiz müəllim okeanın o tayında Azərbaycan musiqisinin təbliğatçısına çevrilmişdi. Maestronun Amerika dövrü xatirələrində belə bir məqam var: “Mən Azərbaycan musiqisini tarda, qarmonda, ya da kamançada ifa edilən kimi çalmıram. Melodiyanı saxlayıram, amma akkompaniment hissəsini, harmonizasiyasını bugünkü melodiyalara uyğunlaşdırıram. Ona görə də amerikalılar və başqa xalqlar tanış səsləri eşidəndə həmin musiqini başa düşür və melodiya onların xoşuna gəlir. Amerikalılar Azərbaycan musiqisinə etnik musiqi kimi baxmır, onu tanıdıqları müasir bir musiqi kimi qəbul edirlər. Bir dəfə konsertdə gördüm ki, bir amerikalı qadının gözlərindən yaş axır, soruşdum sizə nə olub? Qadın dedi ki, mən musiqini sevən adamam və çox musiqi dinləmişəm, amma hələ elə bir musiqi dinləməmişəm ki, sizin musiqiniz qədər adamın ürəyinə təsir etsin”.
Yaşının ahıl çağına baxmayaraq, Çingiz Sadıqov uzaq Amerikadan dəfələrlə Bakıya gəldi, konsertlərdə çıxış etdi, onu sevənlərlə görüşdü. Ta ürəyindən əməliyyat keçirənədək. Həkimlərin təyyarəyə minməyi yasaq etməsi onu ürək ağrısından çox ağrıdırmış. Bir də o, vətənə həmişəlik qayıtdı. 88 yaşında dünyasını dəyişdikdən sonra öz vəsiyyəti və Prezident İlham Əliyevin tapşırığı ilə onun nəşi Bakıya gətirilərək, II Fəxri xiyabanda torpağa tapşırıldı...
Azərbaycan ifaçılıq məktəbi çox pianoçu yetişdirib, amma “Şöhrət” ordenli Xalq artisti Çingiz Sadıqov həmişə barmaqları ilə oxuyan adam kimi xatirələrdə qalacaq.
Gülcahan MİRMƏMMƏD
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta