AZ

“Qələbəmiz yarımçıqdır" deyənlərə Prezidentin cavabı bu oldu...

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən  44 gün çəkən Vətən müharibəsindən danışıb:

“Bütün bu günlər ərzində dəfələrlə xalqa müraciət edərək, eyni zamanda, düşmənə müraciət edərək bildirmişdim ki, silahları yerə qoyun, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini verin və biz müharibəni dayandırmağa hazırıq. Biz Şuşanı -bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq. Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt-noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da – noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır”.

Əslində bu, həm də zamanında “qələbəmiz yarımçıqdır” deyənlərə ən gözəl cavabdır. Müharibə zamanında dayanmasaydı, Azərbaycan bu nailiyyəti hansı səbəbdən əldə edə bilməzdi və biz hansı növ təzyiqlərlə üzləşə bilərdik?

Hərbi-siyasi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında  bildirdi ki, zaman  bir çox məsələni sübut etdi: “Aydın oldu ki, olduqca müdrik, uzaqgörən qərarlar qəbul olunub. Son onilləkləri təhlil etsək görərik ki, ən doğru qərarları məhz İlham Əliyev qəbul edib. Bunun nəticələri ortadadır. 1945-ci ildən, BMT yaranandan bəri müharibələrə nəzər salaq. Bir çox ölkələr hərbi cəhətdən qalib gəlirlər, diplomatik müstəvidə isə məğlub olurlar. Bəzən isə bunun tərsi olur. Diplomatik cəhətdən haqlı olanlar hərbi müstəvidə məğlub olur. Bu da zamanın düzgün seçilmədiyinə görədir. Belə yanlışlıqlara görə əziyyət çəkən isə xalqlar olur. Milyonlarla insan məcburi köçkün həyatı yaşayır. Biz bunu 90-cı illərdə yaşadıq. Ərazilərimiz işğal edildi, insanlarımız əsir götürüldü, didərgin düşdü. Azərbaycanın 10 noyabrda atdığı addım çox doğru idi. Üç böyük ərazi: Kəlbəcər, Laçın və Ağdam kimi ağır relyefi olan rayonlar müharibəsiz azad edildi. Ermənistan məcbur olub, təslimçilik aktına imza atdı. Əks təqdirdə 25 minə yaxın ordusu əsir düşəcəkdi. Vəziyyətdən çıxmaq üçün onlar hər cür riyakarlığa əl ata bilərdi. Mülki insanları kilsəyə doldurub yandırardılar və bunu bizim üstümüzə atardılar. Sonra bunu soyqırım kimi qələmə verərdilər. Bütün bunlardan bizə qarşı istifadə edə bilərdilər. Biz 30 il səbr nümayiş etdirdik. 44 günlük müharibədə isə atdığımız addıma heç bir dünya dövləti söz deyə bilmədi. Sonra biz Qarabağdakı separatçıları konstruktivliyə səslədik. Ard-ardına “Qisas” əməliyyatları keçirdik. Laçında sərhəd buraxılış məntəqəsini qurduq. Bütün bunlar məntiqi ardıcıllıqla aparıldı. Heç kim bu parlaq qələbəyə çamur ata bilmir. Çünki bu, şəhidlərin qanı, Prezidentin isə müdrik siyasəti hesabına həll edilib. Bəzi radikallar “nə oldu, Xocalı, Xankəndi, Ağdərə, Əsgəran alınmadı” sualını verirdi. Bunların hər birinə Prezident dünən Xankəndidən eydiyi müraciətində aydınlıq gətirdi. Artıq bizim bayrağımız Azərbaycanın hər bir subyektində dalğalanır. Təsdiqlədi ki, o doğrudan da zəmanəmizin ən müdrik, ən qətiyyətli siyasətçisi, mahir sərkərdəsidir.  Ermənistan diplomatik müstəvidə məğlubiyyətini qəbul etmiş olur. Ard-arda BMT-dəki fiaskoları buna sübutdur. Diplomatiya, zəfər budur. Qələbəmiz mübarək olsun, Azərbaycana zəfər yaraşır!”

Məhəmmədəli QƏRİBLİ

Seçilən
752
50
baki-xeber.com

10Mənbələr