AZ

"Sülh müqaviləsində Qərbi Azərbaycana qayıdışın öz əksini tapmasında israr edəcəyik" - Deputat

Ötən gün Qərbi Azərbaycan İcması bəyanat yayaraq, Ermənistan hökumətindən beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətdən əl çəkməyi, qovduğu azərbaycanlıların beynəlxalq verifikasiya və zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı tələb edib.

Qeyd edək ki, hazırda Azərbaycan və Ermənistan arasında müxtəlif səviyələrdə sülh müqaviləsinin bağlanması istiqamətində danışıqlar aparılır.

Bəs, indiki sülh danışıqlarında Ermənistandan qovulan Qərbi Azərbaycan türklərinin öz ata-baba yurdlarına qayıtması məsələsi müzakirə oluna bilərmi? Bu məsələ sülh sazişində də əksini tapa bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məsclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, qərbi azərbaycanlılar Birinci Qarabağ müharibəsində Ermənistandan, öz ata-baba yurdlarından məcbur olaraq qovulmuş azərbaycanlılardır.

“Baxmayaraq ki, onlar bu gün Azərbaycan vətəndaşlarıdır, amma şübhəsiz ki, münaqişə başa çatdığına görə onlar münaqişədən əvvəlki vəziyyətə dönməlidirlər. Yəni öz tarixi yurdlarına qayıtmalıdırlar. Ötən il dekabr ayının 24-də Qərbi Azərbaycan İcması ilə görüşdə Prezident İlham Əliyev bu məsələni konseptual şəkildə xarici siyasətimizin bir istiqaməti kimi müəyyənləşdirdi. Əgər bu gün Azərbaycanda münaqişədən əvvəlcə yaşamış ermənilər münaqişə bitdikdən sonra hələ də burda yaşayırlarsa, demək ki, onda qərbi azərbaycanlılar da öz ata-baba torpaqlarına qayıdıb orada yaşamalıdırlar” - deyən deputat qeyd etdi ki, bununla bağlı hazırda Qərbi Azərbaycan İcması çox mühüm fəaliyyət göstərir:

“Ötən bir neçə ay ərzində Qərbi Azərbaycan İcması bu məsələni müxtəlif beynəlxalq təşkilatların, insan hüquqları təşkilatlarının, o cümlədən BMT-nin müvafiq qurumlarının diqqətinə çatdırıbdır. Biz, şübhəsiz ki, müraciətlərdə qərbi azərbaycanlıların beynəlxalq hüquqla təsbit olunmuş ən təməl hüquqlarını, yəni onların doğulduğu yerdə yaşamaq hüququnu da Ermənistanla Azərbaycan arasında imzalanacaq mümkün sülh müqaviləsində öz əksini tapmasında israr edəcəyik. Çünki qərbi azərbaycanlılar israrlıdır. Qərbi azərbaycanlılar tarixi torpaqlarımızda Azərbaycan mədəni irsini yaradan, milli sivilizasiyamızın köklərini yaradan xalq olub”.

Hikmət Babaoğlu təəssüflə bildirdi ki, ermənilərin soyqırımı və etnik təmizləmə siyasəti nəticəsində bu gün Qərbi Azərbaycan torpaqlarında bir nəfər də olsun azərbaycanlı yaşamır.

“Bu, haqsızlıqdır, ədalətsizlikdir, dünya buna göz yuma bilməz. Əgər Ermənistan-Azərbaycan sülh içərisində yaşamaq istəyirsə, qərbi azərbaycanlıların hüquqlarını tanımalıdır və bununla bağlı sülh müqaviləsinə paralel olaraq həm də öz milli konstitusiyasında dəyişiklik etməlidir, onların ləyaqətlə və hüquq çərçivəsində öz torpaqlarına qayıtması üçün üzərinə öhdəçilik götürməlidir”- deyə o, vurğuladı.

Seçilən
805
press.az

1Mənbələr