AZ

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi İstanbulda ehtiramla anılıb VİDEO

İstanbul, 10 may, Günel Karatepe, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə keçirilib.

Mərasimdə baş konsul Nərminə Mustafayeva, Sarıyer bələdiyyəsinin sədri Mustafa Oktay Aksu, Türk Dövlətləri Təşkilatı, konsulluq, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), “Azərbaycan Hava Yolları”nın (AZAL) əməkdaşları, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) nümayəndələri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki təmsilçiləri, qardaş ölkədə təhsil alan hərbçilərimiz və İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin şagird-müəllim heyəti iştirak ediblər.

Ulu Öndərin xatirəsi ehtiramla yad olunub, abidəsi önünə əklillər və tər güllər düzülüb.

Sonra tədbir iştirakçıları türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün parkda yerləşən abidəsini ziyarət edərək önünə tər güllər düzüblər.

Tədbirdə çıxış edən baş konsul Nərminə Mustafayeva Ümummilli Liderin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. O deyib: “Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xalqımız Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi və bundan sonra suveren Azərbaycan dövləti yarandı. Ümummilli Liderin xalqımız qarşısındakı xidmətləri, onun yürütdüyü siyasət nəticəsində Azərbaycan dünyaya açıldı. Ümummilli Lider ölkəmizin müstəqilliyini hər şeydən üstün tuturdu. Xalqa olan sevgisi isə qarşılıqlı idi. Azərbaycan xalqı bilirdi ki, dövlətinin ən çətin anında Ulu Öndər hər zaman onun köməyinə gələcək”.

Ümummilli Liderin Azərbaycanla yanaşı, Türk dünyası üçün də əvəzsiz xidmətlərindən bəhs edən baş konsul diqqətə çatdırıb ki, onun ən böyük xidmətlərindən biri xalqın öz milli kimliyinə sahib çıxmasını təmin etməsidir.

“Ulu Öndərin xalqımıza ən böyük mirası ölkəni ondan sonra layiqincə idarə edəcək lider yetişdirmək idi və o, buna nail oldu. Hazırda bütöv Azərbaycanın Prezidenti İlham Əliyev Ümummilli Liderimizin başlatdığı parlaq siyasəti uğurla davam etdirir”, - deyə Nərminə Mustafayeva bildirib.

Çıxışında hər iki dövlətin ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün “Bir millət, iki dövlət” və “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarını xatırladan Sarıyer bələdiyyəsinin sədri Mustafa Oktay Aksu deyib: “Fikrimcə, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri Mustafa Kamal Atatürkün Türkiyə xalqı üçün etdikləri ilə eyni müstəvidədir. Xalqlarının çətin dövrlərində hakimiyyətə gələn bu iki lider ölkələrini nəinki bu vəziyyətdən çıxarıb, həm də onun uğurlu gələcəyinin təmin olunmasında, dünya ölkələri arasında öz layiqli yerini tutmasında əvəzsiz xidmətlər göstərib”.

Sonra Hüseyn Cavid adına məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər səsləndiriblər.

Seçilən
363
1
azertag.az

10Mənbələr