AZ

Azərbaycanın xarici siyasətində Belarus ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur

“Azərbaycanın xarici siyasətində Belarus Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Tərəflər arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlər müxtəlif sahələri əhatə edir və uğurla inkişaf edir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri tərəflər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından böyük önəm kəsb edir”.

 

Modern az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

 

Deputat bildirib ki, Azərbaycanla Belarus arasında getdikcə genişlənən münasibətlərdən bəhs edərkən ilk növbədə siyasi dialoqun, qarşılıqlı etimadın yüksək səviyyəyə çatdığını qeyd edə bilərik. Yüksək səviyyəli siyasi dialoq digər istiqamətlərdə əməkdaşlığa da güclü impuls verir. İki ölkə arasında diplomatik münasibətlər 11 iyun 1993-cü ildə yaradılıb. 2006-cı ildə qarşılıqlı olaraq Bakıda və Minskdə səfirliklər açılıb. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olub. Azərbaycanla Belarus strateji tərəfdaşlığa əsaslanaraq qarşılıqlı etimad çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirir. Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

 

Millət vəkilinin sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti dövründə Belarus Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyib. Prezidentlərin görüşündə postmünaqişə dövründə Cənubi Qafqaz regionunda vəziyyət də müzakirə olunub. Dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət edib. Prezident İlham Əliyev deyib: “Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir. Demək olar ki, ərazini sıfırdan bərpa etmək lazım gəlir, müqayisə üçün deyim ki, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahəni. Bütün bunları, sadəcə, daşın daş üstündə qalmadığı ərazidə görüləcək işləri təsəvvür etmək üçün söylədim. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik”. Dövlət başçısının dediyi kimi, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var. Dövlətimizin əsas vəzifəsi keçmiş məcburi köçkünləri doğma yurdlarına mümkün qədər tez qaytarmaqdır. Onların məşğulluğunun təmin olunması da vacib məsələlərdən biridir. Belarus Prezidenti Aleksandr Lukaşenko da ərazilərimizin işğaldan azad edilməsini Azərbaycan son illərdə böyük nailiyyəti hesab edib və Belarus şirkətlərinin bu əraziərin bərpasında yaxından iştirak etməyə hazır olduğunu söyləyib: “Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var”.

 

Pərvin Kərimzadə qeyd edib ki, bu gün Cənubi Qafqazada beynəlxalq hüququn, suverenlik prinsipinin bərqərar olunması presedentini yaradan Azərbaycana və Prezident İlham Əliyevə böyük hörmət bəslənilir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuata verdiyi bəyanatında bir daha diqqətə çatdıraraq deyib: “Bəli, biz regionlarımızda təhlükəsizlik məsələlərini müzakirə etmişik. İlham Heydər oğlu burada baş verənlərlə bağlı mənə ətraflı məlumat verdi, qeyri-sabit regiondur, Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”.

“Belarus Prezidentinin Azərbaycan Prezidenti ilə birlikdə işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri də böyük əhəmiyyətə malikdir. Bu, əsl dostluq nümunəsidir. Bütövlükdə, Belarus Prezidentinin ölkəmizə səfəri qarşılıqlı əlaqələrin inkişafına böyük təkan verəcək”,-deyə deputat vurğulayıb.

phrase_var_article.chosen
330
50
modern.az

10phrase_var_article.sources