“Mən Ermənistan İstintaq Komitəsinin sədri ilə cəmi bir dəfə, Qarabağda görüşmüşəm, salamlaşmışıq."
“Cebhe.info”-nun məlumatına görə, iyunun 3-də İrəvandakı Surb Xaç kilsəsinin həyətində jurnalistlərlə söhbətində “Vətən uğrunda Tavuş” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan belə deyib.
“Bu, 2020-ci il oktyabrın 18-19-da, müharibə vaxtı olub.
Biz indi İstintaq Komitəsinə gedəcəyik, onların funksiyalarına daxil olan müəyyən tələblərimiz var”, - deyə Qalstanyan bildirib. Arxiyepiskop Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Kərəmyanı hər hansı həlledici amil hesab edib-etməməsi ilə bağlı suala belə cavab verib:
“Bizim ölkədə heç kim amil deyil. Sən məndən yaxşı bilirsən ki, hər şey bir nəfərin şıltaqlığından asılıdır. Ancaq mən hesab edirəm ki, müəyyən mənada müxtəlif vəzifələrdə çalışan insanlar qərəzsizliyi və ya ədalət prinsipi ilə nə vaxtsa vəziyyəti aradan qaldıra bilər. Bunu etmək olar, qanunsuz şıltaqlıqlara, əmrlərə hər adam tabe ola bilməz”.
Polisin hərəkətlərinə gəlincə, din xadimi qeyd edib:
“Polisin 40 əməkdaşının bir nəfəri döydüyü halda ABŞ səfiri polisdə islahatlarından necə danışa bilər, bu islahatlara külli miqdarda pul ödəyə bilər? Əgər əvvəllər 3 nəfər döyürdüsə, indi 40 nəfər döyür. Bəyəm bu islahatdır?”,-deyə Baqrat Qalstanyan qeyd edib.