AZ

Ölkəni talayan, korrupsioner, mafioz qazaxlılar - Uğursuzluqlarının heyfini Səməd Vurğundan çıxanlar

Kulis.az Babək Məmmədlinin "Səməd Vurğunu tənqid etmək olarmı?" adlı yazını təqdim edir.

Ulucay Akifin “Səməd Vurğunu tənqid etmək olmazmı” başlığıyla verdiyi “video-dərs”də qırmızı qələmlə işarələdiyi ismarıcları baxmayanlar üçün beş-altı cümləylə izah etməyə çalışacam ki, yayın bu zəhlətökən istilərində dostumuzu naşı münasibətinizlə bezdirib dəqiqəbaşı bir video-müraciət hazırlamağa məcbur qoymayasınız.


Söhbətə “fransız qalanlar” üçün qısa xronologiyayla lap əvvəldən başlayım.

Bir neçə gün öncə, Səməd Vurğunun anım günündə hörmətli “Kulis”-də adını indiyə qədər eşitmədiyim Rahid Ulusel adlı bir ixtiyarın guya Səməd Vurğunla bağlı sayıqlamaları yayımlandı.

Belə başa düşdüm ki, müəllif son zamanlar dəb düşmüş “panik atak”deyilən, əslində, “yatıb durmamaq”, “ölüm” fobiyası mərəzindən əziyyət çəkir.

Oxuduqca məlum olur ki, ağsaqqal ciddi psixi pozuntuların astanasındadır, boğazına düydüyü şərfə müvafiq olaraq sarılı-mavili yuxular da görürmüş.

Düzü, yazını oxuyandan sonra müəllifin şərflə çəkdirdiyi fotoya xeyli baxdım. Şərfin rəngləri mənə “Fənərbağça”nın bayrağını xatırlatmışdı onda. Həkim olmasam da, diaqnozunu özlüyümdə belə qoymuşdum ki, ola bilsin, “Fənər”in çempionluğu əldən verməsi adamın başını çöndərib, “qisası”nı Səməd Vurğundan alır. Qulaqlarınızı çəkin, vallah, şəkk eləməyin. Bu illər ərzində arvadına acıq edən, müdirinə qəzəblənən, siyasətdə uduzan elə adamlar gördüm ki, bütün bunların heyfini Səməd Vurğundan çıxmaq istədilər. İndi ola bilməzdimi ki, ixtiyar yaşlı bu adam da “Qalatasaray”ın heyfini Səməd Vurğundan çıxsın?

Allah şəfalarını versin hamısının. Soruşsanız ki, Ulucayı da “fənərbaxçalı”dır deyəmi qatmışam bu məsələyə, deyəcəm, yox, əlbəttə. Onunla dərdimiz ayrıdı. Ulucay dostumuz bu yazını saytda yayımladığına görə sən demə öz yerlilərinin, yəni qazaxlıların “hücumuna” məruz qalıbmış, bunu da biz Ulucayın yuxarıda koordinatlarını verdiyim video-gileyindən bilirik.

Yaxın oturun, videoya baxırıq. Ekranla müəllifin tutqun çöhrəsi eyni anda işıqlanır. Və budur, iş gününün sonuna yaxınlaşmış yorğun baş redaktorun heysiz dodaqları suya can atan balığın balaca ağzı kimi ağır-ağır yumulub-açılaraq bizi danlamağa başlayır: “Azərbaycanlılar söz və fikir azadlığına qarşıdır”.

Məncə, burda qaranlıq yer qalmadı, “razılaşmıram” deməyə yer qoymayan liberal-demokrat qılığına bürünmüş adi növ klişe-irad.

Tənqidə dözümsüzük də, qardaş. Ulucay bəyin qiymətli vaxtından keçib hamının bildiyi bu sadə həqiqəti təkrar-təkrar gözümüzə soxmasından mazoxistcəsinə həzz alırsınız, bə niyə?

Hə, sonra… “Sonra nə oldusa, yadıma gəlmir”- Eldar Baxış demiş. Doğru deyirəm, arada nə baş verirsə, tamaşaçı bir də görür ki, hörmətli Ulucay Akif “tənqid maşını”nı problemlərdən qaçıb “tut”un altında bir “qismət” dincəlmək istəyən qazaxlıların üstünə çəkdi.

Belə başa düşdüm ki, müəllifi qəzəbləndirən azərbaycanlılar yox, bu günə qədər hər ikimizin yaxşı tanıya bilmədiyi yerlilərimizin - ölkəni talayan, hər yerdə bürokratik əngəllər yaradan, korrupsiyaya bulaşmış mafioz qazaxlıların söz azadlığına dözümsüzlüyü, tənqidə tiran münasibətiymiş.

Və bu natamamlıq bir qazaxlı kimi Ulucayda dərin təəssüf, məyusluq doğurubmuş. Video-dərsin sonuna yaxın insaf naminə deyim ki, dostumuz ərk etdiyi eloğlularının yaxasından əlini çəkib bir az da ümumi tənbehlər edir.

Vəssalam! Ulucay Akifin münasibəti hamıya aydın oldu, elə bilirəm. Rəhmətlik Mövlud Mövlud demişkən, mövcud olduğum üçün hamınızdan üzr istəyərək, mən də bu mövzuda bir-iki kəlimə münasibət bildirim, istəyirəm.

Əvvəlcə, bundan başlayım ki, şair Ulucay Akifin Səməd Vurğunun “qazaxlı” qılafından çox-çox uzaq şair olduğunu bilməməyinə təəssüfləndim. Bunu bilmiş olsaydı, məsələyə daha müdrik yanaşar, ittihamlara cavab vermək iqtidarında olmayan, yetmiş il öncə dünyasını dəyişmiş şairi qaraguruhla, özünüifadənin bəsit formalarıyla müdafiə etmək istəyən sadə qazaxlıları top-tüfənglə, süngüylə qarşılamaq yerinə, onların sədaqətini, duru sevgilərini anlayışla qarşılayıb bu söhbətin üstündən keçə bilərdi, amma, keçmədi.

Səməd Vurğunun yaradıcılığı haqqında Pablo Neruda, Mixail Şoloxov, Nazim Hikmət, Lui Araqon, Çingiz Aytmatov kimi cahanşümül söz adamları fikir, münasibət bildiriblər.

Müxtəlif elektron resurslardan tapdığım, qeyri-qazaxlılar tərəfindən yazılmış bəzi yazılarla buyurub tanış ola bilərsiniz:

Akademik Cavad Heyət danışmışdı.
”Vəfatından bir qədər əvvəl Şəhriyarla görüşümüzdə ondan soruşdum ki, Şimal şairlərindən hansını üstün sayırsınız? O bir az düşündü və dedi, Səməd Vurğunu.”

Lui Araqon: "Səməd Vurğun müasir dünya ədəbiyyatının iftixarıdır!".
Moskva (Rusiya) və Dərbənd (Dağıstan) şəhərlərində küçə, Düşənbə (Tacikistan) şəhərində məktəb, Kiyev (Ukrayna) şəhərində kitabxana, Plovdiv (Bolqarıstan) şəhərində texnikum, və Datça (Türkiyə) şəhərində küçə şairin adını daşıyır.

Böyük Vətən müharibəsi illərində Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun “Ukrayna partizanlarına” şeiri vərəqlərlə təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılıb, onlara ruh yüksəkliyi aşılamışdı. 1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır.

Bu qədər informasiyanın Səməd Vurğunun miqyasına işıq saldığını yetərli saymaq olar, məncə. Bir əlavə də mən edim ki, bu gün İranda milli kimlik uğrunda döyüşən cənublu soydaşlarımızın onun “Azərbaycan” şeiriylə pərvazlanıb cəzv yaşamalarının özüm canlı şahidiyəm.

Səməd Vurğun imzasına “qazaxlı” yarlığı yapışdırmaq, böyük Nizamiyə gəncəli kimi baxmaq qədər absurddur.

Bu gün Səməd Vurğunun yaradıcılığını təhlil edib tənqid etməyə intellektlərinin, ədəbi bigilərinin yetməyəcəyini anlamış Rahid Ulusellər və şəxsiyyət kompleksindən əziyyət çəkən Məmməd Rahim xələfləri sənin mediadakı liberal statusundan yararlanıb Səməd Vurğunu zərərli region-məişət müstəvisinə endirərək “döymək”, bəlli bir kəsimdən “afərin” payı almaq üçün münbit şərait güdürlər, həm də “anım günü” kimi önəmli günlərdə.

Ulucay Akif, niyə, bilirsənmi? Şəxsən mən də əminliklə deyə bilmirəm, ancaq təxminlərim var. Bu təxminləri dilə gətirib demək zərərli olduğundan, bizi xalq olaraq böyütmədiyindən susuram.
İrtica Sovetin tətiyinin altında ömrünü əlli yaşda başa vurub barxanasını çəkmiş şairdən xeyli artıq yaşayan, bu fanidən ikiəlli yapışıb kök atmış “bədxassəlilər”in ritorikasındakı cığallığı, qərəzi gördüm-duymadım demək əlillik qüsurudur.

Səlahiyyətim olsa, onlara pensiya verərdim. Hələ görməmişəm, bu “qəh.rəmanlar”eyni analogiyayla Səməd Vurğunun dövründə yaşamış həmkarlarını araşdırıb "səmimi" və silsilə yazılar yazsınlar.

Sənə də maraqlı gəlmirmi, əziz Ulucay? Səməd Vurğunun irtica Stalin-Bağırov rejiminin ağılalmaz manyak "sürprizlər"indən qorxmayan tək-tük nəsildaşları, qələmdaşları da oldu, bəli. Zatən onların da haqqı hər yerdə qorunur bu gün. Yazıb-yaratdıqları Səməd Vurğunla müqayisədə zəif olsa belə, içi özüm qarışıq,çoxumuz hər zaman sevgiylə andıq onları. Qəhrəmanımıza çevriliblər bu cəsarətlərinin müqabilində.
Ancaq adamların qəhrəman olmamaq kimi bir haqqı, hüququ da var axı. Bioloji quruluşunda qorxu adlı fundamental bir instinkti var.

Məsələn, deyirsən ki, azad, alternativ fikirə dözümsüzdür xalq. Deyirsən ki, hər kəsi tənqid etmək olar, istisnasız. Bunu deyəndə qıdığın tutmadımı?
Diogen deyir ki, bu dünyada iki asan şey var: suyun altında işəmək, bir də məsləhət vermək.
Qəbul etməyə təkəbbürün yol versə, məsləhət yox, xeyrini bir ömür görə biləcəyin qardaş tövsiyyəsi verəcəm sənə, təcrübədən deyirəm.

Hər ölən erməniyə şam yandıraraq dünyanı işıqlandırmaq istəyən Əkrəm Əylislini ”yazdığı qiymətli əsərlərinə görə” müdafiə edib Səməd Vurğunu guya qaranlıq şəxsiyyətinə görə “asıb-kəsən”, adi bir jek müdirini belə facebook statusunda tənqid edəndə yüz dəfə “bismillah” deyib qələmlərini elədən-belə burcudan o riyakar qövmün özünü də, deyingən, məkrli yazılarını da bir dirsək aralı tut.

Özünə demişəm, Anarın yanında hər oğul sənin kimi şax dura bilmir. Yekə-yekə kişilər belə onunla şəkil çəkdirəndə “krakov kolbasası” vəziyyətini alırlar.

“Liberal dəyərlər” adlı cəfəngiyyatları boş ver, duruşunu qoru!

Seçilən
101
21
kulis.az

10Mənbələr