AZ

Metropoliten: Zərurət olarsa, stansiyalarda tibb məntəqələri yaradıla bilər

Bakı metrosunda son günlər bəzi sərnişinlərin tez-tez halının pisləşməsi və ya qatar yoluna düşərək xəsarət alması hallarına rast gəlinir. Metropoliten əməkdaşları təcili tibbi yardım çağırsa da, bəzi kritik vəziyyətlərdə həkim briqadası hadisə yerinə çatana qədər sərnişin dünyasını dəyişmiş olur.

Belə hallarda metro stansiyalarında tibb məntəqələrinin olub-olmaması vətəndaşlarda sual yaradır.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi qurumun paytaxtın səhiyyə strukturları, xüsusən də Təcili Tibbi Yardım xidməti ilə operativ, sürətli əlaqə formaları var:

“Bu, tarixən tənzimlənmiş və davamlı olaraq monitorinqlər əsasında nəzarət altında saxlanılan bir əlaqə formasıdır. Nümunə üçün deyim ki, “Bakı Metropoliteni”nin hansısa stansiyasından çağırış daxil olarkən, nəinki ən yaxın təcili tibbi yardım məntəqəsi, hətta metropolitenin həmin stansiyasına yaxın məsafədə olan təcili tibbi yardım briqadasının stansiyaya yönləndirilməsi təmin olunur. Bununla bağlı bu günə qədər hər hansı ciddi neqativ hal müşahidə olunmayıb”.

O, qeyd edib ki, metroda tibb məntəqəsinin yaradılması məsələsi müntəzəm olaraq diqqətdə saxlanılır:

“Metropolitenin aidiyyəti səhiyyə qurumları ilə müntəzəm əlaqələri, monitorinqlərinin nəticəsinin müzakirəsi, mübadilənin başqa formalarından istifadə olunur. İnanıram ki, xüsusi zərurət yaranacağı təqdirdə metro stansiyalarında bu xidmətin təşkili məsələsinə də baxıla bilər”.

“Bakı Metropoliteni sırf sərnişindaşıma fəaliyyətini təmin edən qurumdur. Bu səbəbdən səhiyyənin təşkili ilə bağlı hansısa təcrübəsi və peşəkar səlahiyyəti yoxdur. Hətta Bakı metropolitenin işçiləri, xüsusən də maşinistlərin reys öncəsi müayinəsinin müxtəlif sahələrdə təşkil olunması ilə bağlı da hansısa məsələ məhz səhiyyə strukturları və qurumları ilə müntəzəm əlaqələr formasında təşkil edilir”, - deyə B.Məmmədov bildirib.

Xatırladaq ki, Bakı metrosunda anoloji hallardan biri ötən gün yaşanıb. Belə ki, metronun "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyi üçün yuxarı vestibüldə metro əməkdaşına yaxınlaşıb. Metro əməkdaşları dərhal təcili tibbi yardım xidməti çağırıb. Lakin sərnişin xidmət işçiləri gələnə kimi dünyasını dəyişib.

Seçilən
51
9
apa.az

10Mənbələr