AZ

Belarus və Ermənistan bir-birilərinin səfirlərini geri çağırıb

Belarus və Ermənistan bir-birilərinin səfirlərini "məsləhətləşmələr üçün" geri çağırıb, hər iki ölkənin yerli mediası yazıb.

Bu, Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə Aleksandr Lukaşenkonun Belarus prezidenti olduğu müddətdə bu ölkəyə getməyəcəyi bəyanatından sonra baş verir.

Videoya YouTube kanalımızda baxın.

"Aleksandr Lukaşenko Belarus prezidenti olduğu müddətdə mən heç vaxt bu ölkəyə səfər etməyəcəyəm, KTMT-yə gəlincə isə, ümumiyyətlə, bəyan edirəm ki, bu andan heç bir Ermənistan rəsmi nümayəndəsi Belarusa getməz”, - Nikol Paşinyan bunu cümə axşamı parlamentdə deyib.

O əlavə edib: “KTMT rəhbərlərindən biri bəyan edir ki, 44 günlük müharibənin hazırlanmasında iştirak edib, təşviq edib, Azərbaycanın qələbəsinə inanıb və arzulayıb. Və bundan sonra mən gedib Belarusun prezidenti ilə oturub KTMT formatında məsələ müzakirə edim?”

Ötən ay Bakıda olan Lukaşenko Azərbaycan rəsmiləri ilə görüşündə İkinci Qarabağ müharibəsinə toxunub. Deyib ki, müharibədən əvvəl İlham Əliyevlə təkbətək görüşündə bu nəticəyə gəliblər ki, "müharibədə qələbə çalmaq olar, bu, vacibdir və qələbəni qoruyub saxlamaq daha vacibdir”.

Cümə axşamı günü Belarus XİN bildirib ki, onlar Ermənistanın daxili siyasətində "nə qədər çətin vəziyyət” olduğunu görür.

“Lakin Belarusun bununla nə əlaqəsi var?”- qurumun sözçüsü Anatoly Glaz bildirib.

“Əlbəttə ki, fərqli insanlar, ciddi emosional təzyiqə qarşı fərqli müqavimət göstərirlər, biz bunu anlaya bilərik. Amma biz başa düşmürük - Belarusun bununla nə əlaqəsi var? Əgər kimsə xarici düşməni göstərməklə diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, uzaqgörən siyasət deyil”, - Glaz yerli Belta TV-də bildirib.

Glaz, həmçinin qeyd edib ki, Ermənistanla Belarusu qədim, yaxın dostluq münasibətləri və ümumi tarix bağlayır və "bunu anlamaq vacibdir".

Onun sözlərinə görə, iki ölkəni həm də "qarşılıqlı faydalı ticarət və sıx iş münasibətləri" bağlayır.

"Ermənistan hökuməti və daxili oyunçular hər nə qədər bizi buna təhrik etsələr də, Belarus Ermənistanla bu münasibətləri korlamağa hazırlaşmır. Biz heç vaxt dostlarımızın zərərinə nə isə etməmişik, daxili məsələlərə qarışmamışıq və erməni xalqına hörmət edir, onlara həqiqətən də ölkənin gələcəyini və insanların rifahını düşünəcək rəhbərlik arzu edirik”, - XİN sözçüsü deyib.

Seçilən
232
bbc.com

1Mənbələr