AZ

Multimedia"Azərbaycanda etibarlı mənbəni xaricə çıxara bilmirik" - Vikipediya inzibatçısı ilə MÜSAHİBƏ

Vikipediya internetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediyadır. Bu gün dünyada onlarla insan vikipediyada könüllü kimi fəaliyyət göstərir. Onlardan biri də 20 yaşlı Ayxan Zahidzadədir. Bakı Dövlət Universitetinin tələbəsi A.Zahidzadə Azərbaycanca vikipediyada inzibatçıdır. 2017-ci ildən Azərbaycan, türk, ingilis, nadir hallarda isə rusca vikipediya fəaliyyəti göstərir.

“Report” vikipediya könüllüsü Ayxan Zahidzadə ilə müsahibəni təqdim edir:

- Ayxan bəy, vikipediyada könüllü kimi çalışmağa nə zaman qərar verdiniz?

- 12 yaşım var idi. Vikipediyaya Azərbaycan haqqında ingilis dilində bir məqalə qoymuşdum. Düşündüm ki, məlumatda nə isə yanlışlıq var, fikirləşdim ki, bu məlumatı dəyişməliyəm. Ona görə ki, bu yazını yüzminlərlə insan oxuyur. Ondan sonra motivasiya yarandı və vikipediyada çalışmağa başladım.

- Belə bir fikir var ki, vikipediya etibarlı mənbə deyil, siz nə düşünürsünüz, vikipediyanı nə dərəcədə etibarlı mənbə hesab etmək olar?

- Vikipediya əsasən etibarlı mənbələrdən istifadə edir. Düzdür, kənardan görünür ki, hər kəs gəlib vikipediyada mətni redaktə edə, ora nə isə əlavə edə bilər. Lakin bir qayda var ki, vikipediyada orijinal tədqiqata yol vermək olmaz. Yəni mən güclü akademik olsam da, tədqiqatımı vikipediyada dərc edə bilmərəm. Gərək hansısa etibarlı nəşriyyatda və ya saytda dərc olunsun ki, mən onu götürüb mənbə kimi istifadə edim. Vikipediyanın etibarlı mənbə olmaması mifi haradan yaranıb, onu da deyim. Dərslərdə, universitetlərdə şagird və tələbələr vikipediyanı mənbə göstərəndə müəllimlər onun altından xətt çəkir, onu mənbə hesab etmirlər. Mən isə belə izah edərdim ki, vikipediya etibarlı mənbə olmasa da, etibarlı mənbələrin güzgüsüdür. Mənbələr isə daha çox icmanın qərarı ilə müəyyən olunur.

- Vikipediyamızın olması, yəni vikipediyanın bizi ensiklopedik şəxs kimi qəbul etməsi üçün hansı şərtlər olmalıdır?

- Vikipediyada ensiklopediklik anlayışı fərqlidir. Bu, jurnalistlər üçün ayrı, idmançılar üçün ayrı, dövlət vəzifəliləri üçün və s. ayrıdır. Lakin əsas primitiv şərt odur ki, həmin şəxs etibarlı mənbələrdə əhatə olunsun. Almanca vikipediyada belə bir məqalə vardı. Demək Namibiyada bir bələdiyyə sədri seçilmişdi, baxmayaraq ki, bələdiyyə sədrləri ensiklopedik deyil. Ona görə ki, aşağı bir vəzifədir. Amma bu adam BBC, The New York Times, The Washington Post kimi mənbələrdə əhatə olunmuşdu. Çünki soyadı bir az qəribə idi. İndi ingiliscə vikipediyada həmin məqalə yoxdur, amma başqa dillərdə qalır. Düzdür, bu, bir az subyektiv məsələdir, bəziləri deyir ki, sənin adın bu mənbədə hallanırsa, sən müsahibə versən də, bu, əslində, sənin haqqında olan mənbə sayılmır. Həmin məqalə sırf sənin həyat və fəaliyyətin, uğurun haqqında olmalıdır. Məsələn hansısa bir idmançı qızıl medal qazanıb, sırf qızıl medal qazandığı haqqında mənbə varsa, onu əhatə edibsə, artıq bu, həmin şəxsin ensiklopedik meyarlarını artırır.

- İddia olunur ki, vikipediyaçılar bəzi məsələlərə və bəzi şəxslərə qarşı qərəzli yanaşır. Bu, nə dərəcədə doğrudur?

- Bu, bir icmadır və icmanın tərkibində insanlar var. İnsan da robot deyil. Ola bilər ki, kiminsə qərəzi var. Bütün icmanın qərəzli olması ehtimalı yoxdur. Biz demək olar ki, hər gün digər vikipediyaçılarla bir mövzu ilə bağlı müzakirə və mübahisə edirik, hər şeyə də eyni fikirdə olmuruq.

- Bəs texno-bloger Fərid Pərdəşünasın vikipediyasının silinməsində hansısa qərəz var idi?

- Mən şəxsən məqalənin qalmasına səs vermişdim. Amma əsas məsələ səs vermək də yox, əsaslı arqumentlərin olmasıdır. Silinməsi yönündə əsaslı arqumentlər olarsa, məqalə silinir. Əgər Fərid Pərdəşünas məsələsində icma yekdilliklə silinməsinə qərar veribsə, deməli doğrudan da nə isə var və bu şəxs ensiklopedik deyil.

- Vikipediyada könüllü olaraq fəaliyyət göstərirsiniz və qazanc əldə etmirsiniz. Onda belə bir sual ortaya çıxır ki, könüllülərin burada marağı nədir?

- Ötən ay Polşadan gələn vikipediyaçı da eyni sualı vermişdi. Biz dedik ki, məqsədimiz Azərbaycan dilinin yayılması, onun təkmilləşdirilməsidir. Hazırda Azərbaycan dilində vikipediya bu dildə olan ən geniş məlumat bazasıdır və biz çalışırıq ki, bunu günü-gündən artıraq. Ötən ilin yayında Lənkəranda məktəblilər bizə yaxınlaşıb dedi ki, nə üçün gəlmisiniz. Dedik ki, vikipediya ilə bağlı gəlmişik. Dedilər, hə, biz vikipediyanı bilirik, hansısa esse yazmalı olanda gedirik vikipediyanı oxuyuruq. Adama o zaman bir qürur hissi gəlir ki, bəli mən boşuna yazmıram. İnsanlar həm bunu oxuyur, həm də bundan faydalanır. Çox insan var ki, mənfəəti sırf maliyyə baxımından düşünür. Mənə görə isə mənfəətin müxtəlif şaxələri var. Bunlardan biri cəmiyyətə faydalı olmaqdır. Digəri isə ondan ibarətdir ki, bir var nəyisə oxuyasan, biri də var oxuduğunu həm də yazasan. O zaman öyrəndiklərini daha yaxşı dərk edirsən. Şəxsən mən nə haqqında bilirəmsə, bunu vikipediyaya borcluyam. İstər fəlsəfə, istər tarix, istərsə də ölkələr haqqında olsun, sırf vikipediyada işləyirəm deyə çox bilirəm. Xarici vətəndaşlarla çox söhbət etmişəm, onlar təəccüblənib ki, sən necə bizim ölkəmiz haqqında bizdən çox məlumat bilirsən. Demişəm çünki mən vikipediyaçıyam.

- Vikpediya açıq bir platformadır. İstənilən şəxs vikipediyada məqalə yarada və istənilən məqalədə dəyişikliklər edə bilər. Bəs o zaman burada tənzimləmə mexanizmi necədir?

- Vikipediya öz şüarında da deyir ki, o, azad ensiklopediyadır. O, hər kəsi özünə dəvət edir ki, gəlin töhfə verin, birlikdə əməkdaşlıq edərək məlumat bazasını genişləndirək. Sadəcə, mən həm inzibatçıyam, həm də patrul fəaliyyəti göstərirəm. Patrul fəaliyyəti dedikdə, bizdə xüsusi son dəyişikliklər səhifəsi var. Buradan nə dəyişiklik olursa, saniyəsində görünür və biz ona nəzarət edirik. Təəssüflər olsun ki, bu işə yeni başlayan çoxları vandalistik bir məqalə, yaxud məktəbli uşaqlar özləri ilə bağlı məqalə dərc edir, biz anında onu geri çeviririk. Bəli, vikipediya açıq məkandır, hər kəs gəlib redaktə edə bilər, amma o redaktə qalacaq, ya qalmayacaq, bu, bir az şübhəli məsələdir. Biz bu zaman müdaxilə edirik.

- Hazırda Azərbaycanda könüllü vikipediyaçıların təxminən sayı nə qədərdir?

- Könüllülərimizin sayı dəhşətli dərəcədə azdır. Aktiv fəaliyyət göstərən bəlkə də 10-15 adam var. Bu, həddindən artıq kiçik rəqəmdir. Hər kəs soruşur ki, filan məqalə niyə yoxdur, və ya məlumat niyə qısadır. Burada məsələ belədir ki, vikipediyada sırf şəxsi maraqlarınız nəyədirsə, ona uyğun fəaliyyət göstərirsiniz və ona uyğun məqalə yazırsınız. Elə adam var işləyir, işdən çıxanda boş zamanı yaranır və həmin vaxtını vikipediyaya sərf edir.

- Vikipediya bazasının kasad olmasının səbəbi könüllülərin az olması ilə əlaqədardır, yoxsa başqa səbəblər də var?

- Könüllülər çox olduqca maraqlar da genişlənir. Məsələn, bizdə bu məsələdə həm də gender balansı yoxdur. Ümumiyyətlə, bütün vikipediyalarda belə bir problem var. Kişilərin sayı qadınların sayından qat-qat çox olur. Bu da problemli məsələdir. Müəyyən mövzular var, onlarla ümumiyyətlə maraqlanan yoxdur. Məsələn, bizdə Türkiyə ilə bağlı məqalə çox sayda olsa da, Tailand haqqında məqalə çox azdır. Demək olar ki, məqalə yoxdur, ona görə ki, Tailandla maraqlanan adamlar yoxdur. İngiliscə vikipediyada 6 milyondan çox məqalə var. İngilis dili qlobal bir dildir. Mən belə ingilis dilində fəaliyyət göstərirəm. Azərbaycan haqqında ingilis dilində məqalələr yazıram.

- Vikipediyada operativlik məsələsi necədir?

- Bu da insanların maraq dairəsi ilə əlaqəli bir məsələdir, çünki elə adam var vəfat edir, amma bir həftə sonra onun haqqında vikipediyaya düzəliş edilir. Elə adam var ki, öldüyü və etibarlı mənbədə dərc olunduğu anda yerləşdirilir.

- Vikipediya üçün ödənişli məqalələr yazanlar varmı və bunun üçün əsas tələb nədir?

- Vikimediya fondunun öz istifadə qaydası var, orada ödənişlə məqalə yazmaq qadağan olunmayıb. Siz ödənişlə məqalə yaza bilərsiniz. Sadəcə, siz qeyd etməlisiniz ki, mən filan məqalə üçün ödəniş almışam. Amma məbləği xüsusi olaraq qeyd etmək məcburiyyətində deyilsiniz. Ödənişli məqalələr yazıldıqda isə biz baxırıq ki, burada hansısa maraq toqquşması var, yoxsa yoxdur. Məsələn hansısa müğənni, yaxud bəstəkar haqqında görkəmli, tanınmış ifadələrini işlədə bilmərik, uzağı hansısa mənbədə belə qeyd olunub deyə bilərik. Azərbaycanda da vikipediya üçün ödənişli məqalələr yazılır. Vikimediyanın əsas ana şirkəti Vikimediya Fondudur. Vikimediya fondu qeyri-kommersiya təşkilatıdır və hər ilin əvvəli, yaxud sonu müxtəlif qurumlardan ianələr alır. Hansı ki, həmin qurumlar vikimediyanın məlumatlarından istifadə edirlər.

- Bildiyimə görə, Azərbaycanca vikipediyada bəzi fotoşəkillərdən istifadə etmək olmur, bu kateqoriyaya nələr aiddir?

- Biz qanunvericiliyə uyğun olaraq ictimai obyektlərin şəklini çəkib vikipediyada yerləşdirə bilmirik. Məsələn Milli Məclisin fotosunu "Creative Commons"a yerləşdirə bilmirik. Çünki müəllif hüquqları qorunur. Biz sadəcə azad lisenziyalı fotoşəkilləri "Commons"a yerləşdirə bilirik. Bu bizə ciddi problem yardır. Mən şəxsən fotoqraf deyiləm, amma çəkdiyim şəkilləri "Commons"a yerləşdirmişəm. O foto qlobal nüfuzlu media orqanlarına yerləşdirilib. "Commons" hansısa bir fotoqraf üçün çox yaxşı bir vasitədir. Bundan savayı, Azərbaycanın tarixi memarlıq abidələrini təbliğ etmək üçün də çox güclü bir körpüdür.

- İkinci Qarabağ müharibəsi zamanı vikipediyada dəyişkliyin olunmaması, tarximizin saxtalaşdırılmaması üçün ermənilərlə necə mübarizə aparırdınız?

- Mən müharibə dövrü və ondan sonrakı dövrdə ingiliscə vikipediyada aktiv olaraq fəaliyyət göstərirdim. Çünki erməni tərəfi çox aktiv şəkildə dezinformasiya yaymağa çalışırdı. Məqalələrə gündəlik 10 minlərlə oxucu gəlirdi və baş verən hadisə ilə bağlı ilk məlumatı oradan əldə edirdilər. Mənim qarşılaşdığım ən böyük maneə o olurdu ki, ingiliscə və ya rusca vikipediya nə Azərbaycan, nə də Ermənistan mənbələrini obyektiv mənbə kimi qəbul etmirdi. Çünki iki tərəfin də maraqları toqquşurdu. Burada bir məsələ var idi ki, erməni diasporunun xarici mətbuat orqanları ilə əlaqələri çox güclü idi və onlar qərb mətbuat orqanlarına rahatlıqla məlumat yerləşdirə bilirdilər. Məsələn, "Reuters" kimi mənbələrdə Azərbaycanın baxış bucağından çox az məlumatlar verilirdi. Bu zaman aktiv fəaliyyət göstərirdim ki, xarici mənbələr tapım. Bizim ən böyük problemimiz o idi ki, Azərbaycanda etibarlı mənbəni xaricə çıxara bilmirik. Müharibə dövründə də azərbaycanlı jurnalistlər və akademiklər xarici mənbələrə çıxa bilmirdilər.

- Əhmədiyyə Cəbrayılovla bağlı fransızca məqalənin silinməsinə səbəb nə idi?

- Açığı, bu haqda o qədər də məlumatlı deyiləm. Düşünürəm ki, əsassız formada silinib. Arqument belə idi, fransızlar nümunə gətirmişdi ki, bu şəxsin real olması haqqında həmin dövrə aid sənədlərimiz yoxdur. Sonrakı dövrlərə aid ancaq Azərbaycan mənbələridir. Vikipediyada o məqalənin silinməsi ona görə absurddur ki, onlar vikipediyada yaza bilərdilər ki, bu mənbələrə görə şəxsin real olmadığı qənaətindəyik. Əslində, vikipediya belə işləyir. Məsələn, belə bir nümunə deyim, İsa peyğəmbər haqqında məqalələr onun ölümündən sonrakı dövrə aiddir, necə ki, Əhmədiyyə Cəbrayılovla bağlı mənbələr də onun ölümündən sonrakı dövrə aiddir. Əgər Əhmədiyyə Cəbrayılovla bağlı məqaləni siliriksə, İsa peyğəmbər haqqında məqaləni də silək. Bu baxımdan, Fransa vikipediyasında çox absurd bir yanaşma göstəriblər. Ümumiyyətlə, məncə, xarici vikipediyalarda rus, ingilis, xüsusən fransızca vikipediyada çox qərəzli yanaşma var. Biz bu zaman neytrallıqdan daha çox informasiya müharibəsinin getdiyini, dezinformasiya yayıldığını görürük.

- Biz də məqalənin silinməməsi üçün əks arqument gətirə bilməzdik?

- Bizdə mənbələrim sayı dəhşətli dərəcədə azdır. Onunla belə, biz nə isə etməyə çalışırıq. Məsələn, Məhəmməd Füzuli ilə bağlı məqalədə ingiliscə vikipediyada illərdir yazılırdı ki, müsəlman şairdir. Biz Füzulinin azərbaycanlı olduğunu yaza bilmirdik. Buna görə də biz ABŞ-də kitabxanadan tanışlıqla 1960-cı illərdən qalma kitab tapdıq və o nadir mənbədə M.Füzulinin ana dilinin Azərbaycan dili olduğu müəyyən olundu. Biz bu mənbəni göstərə bildik. Problem budur ki, mənbə azdır, bu baxımdan, biz maksimum nəticə əldə edə bilmirik.

- 44 günlük Vətən müharibəsinin şəhidlərinin məqalələri niyə silinirdi?

- Biz şəhid məqalələri yazanda müharibə yenicə bitmişdi. Düşünmüşdük ki, bütün şəhidlər haqqında əlimizdən gəldiyi qədər məlumatlar yerləşdirək. O vaxt heç bir yerdə məlumat yox idi. Şəhidlik bizim üçün dəyəri ölçülməz bir anlayışdır, amma vikipediyada olması düzgün deyil. Məsələ budur ki, biz digər vikipediyalara baxanda görürük ki, belə bir şey yoxdur. Azərbaycanca vikipediya yeganə vikipediya layihəsidir ki, şəhidlərin demək olar hər biri haqqında məqalə var. Hərbçi kriteriyaları var, o hərbçi ensiklopedik hesab edilir ki, müəyyən əhəmiyyətli mükafat alsın və ya müəyyən bir fərqlənməsi olsun. Biz şəhid məqalələrini silmirik. Amma bir məsələ də var ki, vikipediya milli ensiklopediya deyil, burada neytrallığı pozmamaq lazımdır.

- Bir məqalənin yazılması üçün nə qədər zaman sərf edirsiniz?

- Bu, məqələnin həcmindən asılıdır. Əgər onu tərcümə edəcəksənsə, bu, vaxt tələb edir. Məsələn, 30 min sözlü məqaləni bir həftəyə tərcümə etmişdim. Oxşar həcmdə özümün tədqiq edib yazdığım Laçının işğalı haqqında məqaləni hazırlamaq yarım ay çəkmişdi. Çünki çoxlu kitablar oxuyursan, tədqiq edirsən və ağlında 5-10 kitab olur. Sonra tədqiq etdikcə görürsən ki, başqa kitablarda əlavə məlumatlar da var və beləcə, sərf etdiyin vaxt artır. Tbilisidə bir konfransda iştirak edirdim. İsrailli bir vikipediyaçı orada çıxış edirdi, o dedi gəlin etiraf edək ki, bu qəribə bir hobbidir. Təmənnasız araşdırsın və bu qədər məqalə yazsın. Ötən ayın əvvəlində biz 200 min məqaləyə çata bildik. Mənim yazdığım məqalələrin sayı qısa və genişlə birgə 5 mindən çoxdur.

- Vikipediya könüllüsü olmaq istəyən şəxslərə nə tövsiyə edirsiniz?

- Düşünməsinlər ki, vikipediya onlara heç vaxt fayda verməyəcək. Məsələn, vikipediya mənim biliklərimi artırıb. Vikipediyada çalışdığıma görə xarici ölkələrdə konfranslarda iştirak edirəm. Yeni gələnlər qorxmasınlar ki, məqalələri silinəcək və hansısa xəbərdarlıq gələcək. Onu da qeyd edim ki, yeni gələnlər vikipediya üçün məqalələr yazaraq öz dil biliyini və dünyagörüşünü genişləndirəcəklər. Ona görə də faydalı olmaqdan çəkinməsinlər.

Müsahibənin videoformatını təqdim edirik:

Seçilən
144
50
far.az

10Mənbələr