Ramasvami niyə Azərbaycanla bağlı münəccimlik edir?
Kapitalizmin qızğın tərəfdarı və müdafiəçisi qismində çıxışlar edən respublikaçı Vivek Ramasvami “Bakının Qarabağı ermənilərdən təmizlədikdən sonra Ermənistanı da yarıya bölməyə hazırlaşdığını” bəyan edib. Hind əsilli amerikalı sahibkar, 2024-cü ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli süməyə hazırlaşan “siyasi texnoloq” Ağ evin Cənubi Qafqaz siyasətini kəskin tənqid atəşinə tutub: “Bizim xarici diplomatiya isteblişmentimizin 20 il ərzində Azərbaycandakı rejimə Amerika silahına yiyələnməsinə icazə verməsini fikirləşəndə ürəyim bulanır. İndi həmin silahdan xristian-erməniləri öldürmək üçün istifadə olunur”.
Dünyanın supergücünün sükanı arxasına keçməyi hədəfləyən, “xristian təəssübkeşi” rolunu oynamağa girişən buddist biznesmen Ramasvaminin ürəyinin həqiqətən, Ağ Evin yanlış xarici siyasətindənmi, yoxsa qarışıq hind ədviyyatından izafi istifadə etdiyinə görə bulandığını deyə bilmərik, amma siyasi mətbəxə bələdliyinin sıfırın altında olduğu şəksizdir. Hər halda, onun Azərbaycanla bağlı diletant açıqlamaları belə düşünməyə tam əsas verir. Buddistin düşüncəsinə görə, Bakı Ermənistana hərbi təcavüzlə bağlı gizli “Ы” əməliyyatı planlaşdırıb və tezliklə bu ölkənin ərazisinin yarısını qoparıb özününkünə qatacaq.
Birjada və biotexnika sahəsində biznesi qəfil çiçəklənən və 30 yaşında milyarderə çevrildiyi deyilən hindistanlı Ramasvaminin “hərbi-strateji” xarakterli proqnozları da böyük maraq doğurur: “İndi eşidirk ki, Azərbaycan Dağlıq Qarabağda (?) etnik təmizləmə ilə kifayətlənməyəcək, ardınca Türkiyə ilə birləşmək üçün Zəngəzur dəhlizini də ələ keçirəcək”.
Doğrudan da, “hərbi-strateji” nöqteyi-nəzərdən olduqca maraqlı versiyadır. Qalır bu versiyanı prezidentlik iddiasına düşmüş 38 yaşlı respublikaçı biznesmenin beyninə kimin və ya kimlərin saldığını güman etməyə. Əlbəttə ki, 1-ci yerdə ABŞ-dakı erməni diasporu, Kaliforniyadakı zəngin erməni lobbisi və onların satın aldığı respublikaçı senator və konqresmenlər versiyası gəlir.
Birləşmiş Ştatların üzləşdiyi sosial-iqtisadi problemlərin həllini kapitalizmin inkişaf etdirilməsində görən Vivek Ramasvami dünyada hər şeyin pulla satın alına biləcəyinə inanan yeni nəslin nümayəndəsidir. Onun Senatın “Azadlığa dəstək Aktı”na 907-ci düzəlişə əlavə ilə bağlı Ağ evin ünvanına dediyi ittihamları da elə bu düşüncənin “məhsuludur”: “Əgər Azərbaycan pulun müqabilində Vaşinqtonda böyük lobbi hakimiyyətini ələ ala bilməsəydi, həmin 907-ci düzəlişə əlavəni heç vaxt Senatdan keçirə biməzdi. Belə ciddi məsələyə bu qədər diqqətsizlik adamı şoka salır. İkiüzlülük isə sadəcə heyrətləndirir”.
Prezidentlik uğrunda yarışda, təbliğat kampaniyasında müxtəlif üsullardan, rəqiblərinə qarşı “kompramat”lardan istifadə olunması başadüşüləndir. Amma ABŞ kimi nəhəng dövlətin ali postuna iddialının bu kampaniyada ayağının belə dəymədiyi bölgədə baş verənlər və “günahkarlar” barədə məsuliyyətdən uzaq, boğazdan yuxarı açıqlamalar verməsi təsadüf sayıla bilməz. Axı, bu cür seçkiqabağı təbliğat taktikasının yalnız ABŞ-dakı erməni lobbisinin və İrəvanın işinə yaradığı aşkar görünür. Bu halda ilk ağıla gələn dünyaya pulun hakimlik etdiyini düşünən biznesmenin özünün pulla satın alınması versiyasıdır. Əslində, bu, Ramasvaminin Bakının ünvanına üfürdüyü uydurma və avantürist bəyanatları ilə müqayisədə daha real və məntiqi versiyadır.
İ.HƏSƏNQALAXQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta