AZ

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu tarixədək UZANA BİLƏR  

Xəbər verdiyimiz kimi, 10 iyul 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.

Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

Məlumatda bildirilib ki, Vaşinqtonda NATO 75 Sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Ermənistanla Azərbaycan arasında sülh və ölkələrarası münasibətlərin qurulması üzrə danışıqlar başlayıb.

Qeyd olunub ki, görüş ABŞ-nin dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə keçirilib.
 
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Referans.az-a danışıb:
 
"Dünənki görüşdən sonra verilən açıqlamalarda müəyyən müsbət mesajları gördük. Sülh müqaviləsinin imzalanmasına əngəl olan əsas məsələ Ermənistanın konstitutsiyasıdır. Burada Azərbaycan və Türkiyə torpaqlarına qarşı ərazi iddiaları yer alır. Ərazi iddialarının dəyişdirilməsi ilə bağlı Azərbaycan tələbindən vaz geçməyəcək".
 
Politoloq bildirir ki, Ermənistanda konstitutsiya dəyişlikliyi yaxın zaman üçün real görünmür, bu baxımdan sülh müqaviləsinin imzalanması gecikə bilər: "Ermənistanda keçirilən rəy sorğularından da biz bunu müşahidə edə bilirik. Müəyyən qədər zamana ehtiyac olacaq. Sülh müqaviləsinin imzalanması təbii ki, bu proseslə əlaqəli uzanacaq. Müddətin nə qədər uzanacağını demək çox çətindir. Əgər Ermənistan cəmiyyəti sülhə hazır olsaydı, bu bir neçə ay vaxt apara bilərdi. Nəzərə alsaq ki, erməni cəmiyyətinin özünəməxsus xəstəliyi var və xəstəliyin müalicə olunması üçün daha uzun zamana ehtiyac var.
 
Mahiyyəti geniş və əhatəli sülh imzalanması gələn ilin  sonunadək uzana bilər. Söhbət tam, geniş, əhatəli sənəddən gedir, çərçivə sənədindən deyil. Çərçivə sənədi ən qısa zamanda da imzalana bilər. Tərəflər əsas prinsiplər üzərində razılaşa bilərlər, burada konstitutsiyada dəyişikliklərin aparılması ilə bağlı öhdəliklər də verə bilərlər. Bundan sonra proses davam edə bilər". 
 
Sonda müsahib qeyd edib ki, Erməni cəmiyyəti hesab edir ki, Fransadan, Hindistandan və s. ölkədən silah- sursat almaqla yenidən revanş edə bilərlər və onları buna həvəsləndirənlər də az  deyil. Ona görə də onlar bilməlidirlər ki, bu cür davranışın və iddiaların davamı növbəti gərginlik olacaq.  Bu zaman məsələlərə münasibət dəyişə bilər. 
 
Şəlalə Babayeva
Seçilən
190
50
referans.az

10Mənbələr