Kamran Əsədov: “Bu dərsliklər 4-5 ildən sonra qəbul imtahanlarında ciddi şəkildə problem yarada bilər”
2024-2025-ci tədris ilində VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya fənləri yeni məzmunda tədris olunacaq. Bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu media nümayəndələrinə açıqlamasında deyib:
“Yeni dərsliklər fənnin, elmin həyata tətbiqi məsələlərini qabardır və izafi nəzəri bilikləri azaldır. Misal olaraq, yeni coğrafiya dərsliyi şagirdə məkan anlayışını sadə yolla izah etməklə başlayır. Bu vəsaitlərin hazırlanmasında Sinqapurun dərslik hazırlığı sahəsində qabaqcıl institutları kömək edib. Riyaziyyat və Azərbaycan dili fənlərinin məzmunu ilə bağlı təkmilləşdirmələr davam edir. Hazırda riyaziyyat fənninin məzmunu şagirdə həyati məsələlərlə riyazi termin və formulları öyrətmək üzərində qurulur”.
“Kitabların məzmunundakı dəyişiklik təbiət fənnini keçməyən məktəblərə də problem yarada bilər, ona görə də…”
Yeni qaydalarla bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bəzi pilot məktəblərdə şagirdlərin kimya, fizika, biologiya kimi fənlər yerinə təbiət fənnini keçmələri onların biliklərini tamamilə fərqləndirir: “Bu hal qəbul imtahanlarında müəyyən qədər çaşqınlıq yaradacaq. Dövlət İmtahan Mərkəzinin (DİM) 4-5 ildən sonra sual modellərini hazırlayanda hansı məzmunlu kitablardan istifadə edəcəyi şagirdlər arasında çaşqınlıq yarada bilər. Pilot layihə çərçivəsində 200-dən çox məktəbdə şagirdlər təbiət fənni, ölkənin digər 4400 məktəbində isə fizika, kimya, coğrafiya və biologiya fənlərini keçirlər. Belə çıxır ki, DİM bu şagirdlər üçün sual hazırlayanda sual kitabçaları fərqli olacaq. Həmin təbiət fənnini digər fənlərin kitabları ilə müqayisə etsək görərik ki, bu fəndə geniş akademik bilgilər yoxdur. Ayrı-ayrılıqda geniş, amma təbiət fənni daxilində ümumi informasiya verilir. Bu hal həm müəllimlər, həm də şagirdlər üçün çətinlik yaradacaq. Kitabların məzmunundakı dəyişiklik təbiət fənnini keçməyən məktəblərə də problem yarada bilər. Ona görə də bu kitablar heç də bütün məktəblərdə istifadəyə verilməyəcək. Hesab edirəm ki, bu kitabı yazanlar təbiət fənninin standartlarından, məzmunundan xəbərdar olmalıdırlar. Qeyd edilən fənlər üzrə şagirdlərin təbiət fənnindən əldə etmədikləri bilikləri burada əldə etsinlər. Yaxud da təbiət fənnində o informasiyalar olubsa, yenidən vermək olmaz”.
Ekspert hesab edir ki, bu dərsliklər 4-5 ildən sonra qəbul imtahanlarında ciddi şəkildə problem yarada bilər: təbiət fənnini keçən şagirdlər üçün fizika, biologiya, kimya, coğrafiya fənlərindən suallar fərqli olmalıdır.
Günel CƏLİLOVA