İspaniya nəhəngi “Real” “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin futbol geyimi dəstinin satışına başlayıb.
Arena.az “El Chiringuito” dərgisinə istinadən məlumat verir ki, satışın ilk günündə Madrid klubu onlayn mağaza vasitəsilə Mbappenin 7 mindən çox köynəyini satıb və 800 min avro məbləğində qazanc götürüb.
Satışın hələ də davam etdiyi, İspaniya nəhənginin qazancının isə artacağı vurğulanır.
Daha əvvəl, Madrid klubu fransalı ulduz hücumçusunun rəsmi təqdimat mərasiminin iyulun 16-da baş tutacağını açıqlamışdı.
Xatırladaq ki, iyunun 3-də “Real” Kilian Mbappe ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bəyan edib.
Kilain Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.
2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.
Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Mbappenin dünyanın ən bahalı 3 futbolçusundan biri olması deməkdir.