AZ

Misli Premyer Liqanın yeni mövsümü bizə nə vəd edir?

style='margin-bottom:10px;'>

Medianın İnkişafı Agentliyinin layihəsi

Misli Premyer Liqasının 2024/2025 mövsümünün başlamağına artıq bir neçə gün qalıb. Avqustun 2-də yeni mövsümə start verilir.

Bəs klublarımız yeni mövsümə necə hazırlaşıblar? Bizi 2024/25 mövsümündə nələr gözləyir? Bununla bağlı futbol mütəxəssisi, “Araz Naxçıvan”ın sabiq baş məşqçisi Azər Bağırovla söhblətləşdik.

O bildirdi ki, yeni mövsümün ötən mövsüm kimi maraqlı keçəcəyini düşünür: “Vaxt tez gəlib keçir. Artıq çempionatın başlamasına bir həftə qalıb. Düşünürəm ki, bü mövsüm də ötən mövsüm kimi maraqlı keçəcək".

Məlum olduğu kimi, "Qəbələ" Premyer Liqanın 2023/24 mövsümündə 10-cu yeri tutduğu üçün 1-ci liqaya düşüb. Əyalət təmsilçisinin əvəzinə bu mövsüm elitada "Şamaxı" mübarizə aparacaq. A.Bağırov "Şamaxı"nın Ayxan Abbasovun baş məşqçiliyi altında uğurlu çıxış edəcəyinə inandığını söyləyib: “Qəbələ” Premyer Liqadan düşsə də, yerinə region klubu gəlib, həm də iddialı məşqçi ilə. Görünür, ilk vaxtlarda yaxşı bir kollektiv formalaşdıra bilib. Keçən il çempionata rəng qatan məsələlərdən biri elə reqlament məsələsi idi. Reqlamentə görə “Qəbələ” ilə “Şamaxı” yerlərini dəyişdi. İnanıram ki, Ayxan Abbasov qısa bir zamanda yaxşı kollektiv formalaşdıra biləcək. Region klublarının sayı nə qədər çox olsa, çempionat bir o qədər də rənglənər. Fikrimcə, bugünkü müasir futbolda səfər qarşılaşması amili çox önəmlidir”.

Bu yay "Neftçi"də də yeni baş məşqçi təyinatı reallaşdırıb. Klub bu vəzifəyə 2014-2018-ci illərdə "Qəbələ"yə rəhbərlik etmiş, komanda ilə ardıcıl 2 il Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış Roman Qriqorçuku gətirib. A.Bağırov vurğulayıb ki, “Neftçi”nin yeni baş məşqçinin rəhbərliyi altında necə çıxış edəcəyi haqda danışmaq hələ tezdir: “Roman Qriqorçukun təyin olunmasının nəticəsini zaman göstərəcək. Düşünürəm ki, yoldaşlıq görüşlərini nəzərə almaq lazım deyil. Çempionatın ilk turunda “Neftçi” “Turan Tovuz”la qarşılaşacaq. İlk turun da nəticəsindən çox şey bəlli olmayacaq. Çünki marafon uzundur. İlk 4-5 tur ərzində artıq Roman Qriqorçukun işinin gedişatını, dəyişiklikləri və yenilikləri görəndən sonra artıq nəsə demək olar. Düşünürəm ki, komandanın startı necə götürəcəyi çox önəmli olacaq. Bu təyinatın nəyi dəyişəcəyini və ya nəyi dəyişməyəcəyini artıq zaman öhdəsinə buraxmaq lazımdır. Çünki “Neftçi”də hələ ki, çox da böyük dəyişikliklər olmayıb. Bildiyimiz odur ki, bir neçə futbolçu ilə gücləniblər. Qalanını zaman göstərəcək”.

Mütəxəssis Azərbaycan klublarının yay transfer pəncərəsində gördükləri işlərdən də söz açıb: “Artıq transfer pəncərəsinin bitməsinə az qalıb, amma yenə də vaxt var. Bu stabilliyi komandaların içində qoruyub saxlaya bilən yeganə komanda “Qarabağ”dır. “Neftçi”də də böyük dəyişikliklər olmadı. Həmçinin “Sabah”da 2-3 oyunçu dəyişikliyi oldu. Bu da əslində müsbət haldır. Həm də “Sabah”ın UEFA Konfrans Liqasında çıxışları çox önəmli olacaq. Bundan əlavə “Sumqayıt”da dəyişikliklər oldu. Bu komandanın bəzi aparıcı oyunçuları ilə müqavilə yenilənmədi. Bunu mənfiyə doğru atılan addımlar saymaq olar. Çünki bilinmir ki, Konfrans Liqasından sonra komandanın halı necə olacaq, yüksələcək, yoxsa əksinə, enəcək. Düşünürəm ki, bu, “Sumqayıt” üçün vacib bir amildir. 

“Zirə” daha da güclənib. Fikrimcə, “Zirə”də müsbət addımlar atılır. Amma o biri komandaların demək olar ki, hamısı yeniləndi. “Araz Naxçıvan”ın heyəti 70 faiz yeniləndi. “Şamaxı”nın heyəti demək olar ki, tamamilə yenilənib. Bu və digər komandalarda məşqçilərin futbolçuları nə qədər tez adaptasiya edib-etməyəcəyi maraqlı olacaq. Digər klublarda isə təxminən bütün prosesləri artıq bəllidir və yekunlaşıb”.

O, yeni mövsümdə "Sabah"ın “Qarabağ"la rəqabəf apara biləcəyini qeyd edib: “Sabah”ın heyətdə çox dəyişikliklər etmədiyini nəzərə alaraq deyə bilərəm ki, fikrimcə, onlar bu il “Qarabağ”a boy verə bilərlər. O biri komandalar isə yenə də “Qarabağ”dan çox aşağıdır”.

Premyer Liqamızın ötən mövsümü hakim qərarları baxımından qalmaqallı mövsüm oldu. A.Bağırov qeyd edib ki, hakimlik məsələsi bütün dünyada ağır bir problemə çevrilib: “Hakimlik problemi artıq bütün dünyada aktualdır. Düşünürəm ki, buna səbəb futbolun daha da üst səviyyəyə gəlib çıxması, sürətlənməsidir. Hakimləri də çox qınamalı deyilik. Sadəcə ən önəmlisi odur ki, qərəz olmasın. Səhvləri keçmək olar. Yaxşı olardı ki, hakimlər öz səhvlərindən nəticə çıxarsınlar”.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
teleqraf.com

10Mənbələr