Son illər demək olar ki, heç bir kafe-restoranda çayı dəsgahsız vermirlər. Belə olduqda da çayın qiyməti çox baha olur. Bu hallarla xüsusən yay mövsümündə istirahət mərkəzlərində tez-tez qarşılaşmaq mümkündür. Sözügedən vəziyyətlə bağlı sosial şəbəkələrdə də tez-tez etiraz dolu paylaşımlarla rastlaşmaq mümkündür.
Bəs çayın dəsgahla verilməsi qanunidirmi? Belə olan halda vətəndaşlar hər hansı quruma müraciət edə bilərmi?
Mövzu ilə əlaqədar Yenisabah.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov danışıb.
Ekspert bunun istehlakçı hüquqlarının pozulmasına səbəb olduğunu bildirib:
“1995-ci ildə qəbul edilməsinə baxmayaraq demək olar ki, çox köhnəlmiş, o vaxtdan bəri heç bir müsbət dəyişikliyə məruz qalmamış “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda qeyd olunub ki, istehlakçıların seçim hüququ var. Bu seçim hüququ istehlakçının beynəlxalq və yerli hüquqlarından biridir. Çox təəssüflər olsun ki, bu qanun 1995-ci ildə qəbul olunsa da, demək olar ki, işlək vəziyyətdə deyil. Hökümətin biznes inkişafı siyasəti və istehlakçı hüquqlarının qorunması siyasətinin arxada qalması buna gətirib çıxarıb. Bu cür əcayib hallar artıq neçə ildir Azərbaycanda baş verir. İlk olaraq bunlardan başladı və get-gedə hər yerə yayıldı. Bu cür hallar Azərbaycanda turizmin inkişafına böyük zərbədir, bura gələn qonaqların ağlında qalan hallardan məsələlərdən biridir”.
O, bildirib ki, qiymət məsələsini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tənzimləməlidir:
“Təəssüflər olsun ki, bu məsələlərə nəzarət edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu kimi məsələri həll etmir. Çayxanalar, restoranlar üçün qaydalar hazırlanmalı və istehlakçıların seçim hüququ təmin olunmalıdır. Hökumətin biznesin inkişafı siyasəti ilə istehlakçı hüquqlarının qorunması siyasəti uzlaşmır, sinxron deyil və bu işlərə nəzarət edən dövlət orqanı da demək olar ki, heç bir iş görmür. Ona görə də “istehlakçıların soyulması” baş verir. “İstehlakçıların soyulması”nın çoxlu cəhətləri var və bu ümumilikdə qiymətin sürətlə artmasına da gətirib çıxarır. Həmçinin bu, çayxanalarda da özünü büruzə verir. Bəli, qanunlar qadağan etmir. Biznes qurumu nə istəsə istehlakçının yerinə hərəkət edir. Çünki hökümətin istehlakçı siyasəti pis gündədir, istehlakçı ilə bu cür davranırlar. Bu da turizmin inkişafına ən böyük zərbə və Azərbaycan haqqında ümumiyyətlə xarici qonaqların pis təəssüratlarının yaranmasına gətirib çıxaran amillərdən biridir”.