AZ

Elçin Ağazadənin ekranlaşdırdığı “Problem yoxdur” sənədli filminin təqdimatı - FOTOLAR

Nizami Kino Mərkəzində inklüziv cəmiyyətin inkişafına töhfə olaraq gənc rejissor Elçin Ağazadənin ekranlaşdırdığı “Problem yoxdur” sənədli filminin təqdimatı keçirilib.Film əlilliyi olan şəxs Alik Cəfərovun həyat hekayəsindən bəhs edir.Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib.Pedaqoq Aygün Qasımova və "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin sədri, Milli Paralimpiya Komitəsinin nəzdində paravelosiped idman növü üzrə milli komandanın baş məşqçisi Amid Həsənquliyevin aparıcılığı ilə təşkil olunan təqdimat mərasimində ekran əsərinin özəlliyindən söhbət açılıb. Onlar bu filmin və bu tədbirin inklüziv cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.Tədbirin təşkilatçılarından olan inklüziv təhsil mütəxəssisi Zivər Xanlarova çıxışında bildirib ki, inklüziv təhsilin geniş miqyasda tətbiqi məqsədilə qəbul olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam edir. O, inklüzivliyin milli mənəvi dəyərlərimizlə yaşayan xalqımız üçün yad olmadığını söyləyib. Bildirib ki, bu ali dəyərləri yaşatmaq üçün hər sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələr var. Bu baxımdan Elçin Ağazadənin indiyə kimi fiziki məhdudiyyəti olan istedadlılara aid çəkdiyi sosial çarxlar, autizmli uşaqlara həsr etdiyi və Amerikanın Florida ştatında "Ən yaxşı sosial film" nominasiyası üzrə qalib olmuş “Uğur böcəyi” sosial filmi olduqca təqdirəlayiqdir. O, istedadlı rejissorun şəhidlər və qazilər üçün çəkdiyi sənədli filmlər, şəhid övladlarından ibarət “Zəfər sədası” klipi, milli dəyərlərlə yanaşı “Cənnət ətri” və “Başqa həyat” kimi mənəvi dəyərləri də aşılayan sənədli filmlərinin nümunə olduğunu misal çəkərək onun yaradıcılığının, fəaliyyətinin bu baxımdan çox təqdirəlayiq olduğunu bildirib.Təhsil eksperti İlhamə Axundova inklüziv cəmiyyətin formalaşması üçün emosional zəkanın önəmindən və belə filmlərin insanlarda empatiya duyğusunun inkişafından bəhs edib.Əlilliyi olan şəxs Fərid Abışovun tarda ifası tədbirə xüsusi rəng qatıb.Daha sonra tədbirə təşkilati dəstək olan “Azestetik” şirkətinin rəhbəri Fariz Məmmədov çıxış edib.Tədbirdə filmin çəkilməsində böyük dəstəyi olan “Mənəvi Dünya” İctimai Birliyinin sədri mərhum Hacı Şahin Həsənlinin xatirəsi yad edilib və videoçarx göstərilib. Birliyin sədr müavini Samir Pənahov çıxışında Hacının dəyərli fikirlərindən danışıb.Sonra film nümayiş olunub.Filmin nümayişindən sonra çıxış edən natiqlər rejissora təşəkkür edərək təəssüratlarını bölüşüblər.Sonda rejissor Elçin Ağazadə ekran əsərinin yaranmasından və bu işdə əməyi keçən digər insanlardan danışıb.Filmin qəhrəmanı Alik Cəfərovun və anasının səhnəyə gəlişi böyük sevgi və coşqu ilə qarşılanıb.

Seçilən
69
5
baku.news

8Mənbələr