AZ

Sevdiyi qıza yuxu dərmanı veribmiş - Bakıdakı olayın TƏFƏRRÜATI

Bakının Yasamal rayonunda 1996-cı il təvəllüdlü Ehtiram şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Xalidəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Titul.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonundakı “Melissa Park” yaşayış kompleksində baş verib.

Ehtiram kompleksdə yerləşən yaşayış binasının mənzilində qeyri-rəsmi münasibətdə olduğu Xalidə ilə mübahisə edib. O, mübahisə zamanı qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Ehtiramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ehtiram ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2021-ci ildə Zərdab rayonunda aptekdə işləyən zaman Xalidə ilə tanış olub: “Bir müddət sonra münasibətlərimiz yarandı və biz Xalidənin yaşadığı “Melissa Park” kompleksində birlikdə yaşamağa başladıq. Təxminən iki ilə yaxın birlikdə yaşadıq. Bu müddət ərzində Xalidə bir dəfə məndən hamilə qaldı. Bu hamiləliyi sonlandırmaq qərarına gəldik. Xalidə uşağı abort etdirmək üçün həkim tapmağımı xahiş etdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, o, Maştağa qəsəbəsində bir xəstəxana tapıb və birlikdə ora gediblər: “Mən xəstəxananın içərisinə daxil olmadım. Xalidə özü xəstəxanaya girərək uşağı abort etdirdi. Bundan bir müddət sonra dəqiq xatırlamadığım tarixdə işdən Xalidə ilə birlikdə yaşadığım mənzilə gəldim. Mobil telefonla bir tanışımla əlaqə saxladıqdan sonra yatmaq qərarına gəldim”.

Ehtiramın sözlərinə görə, axşam saat 23:00-da yuxudan ayılanda mobil telefonunun səssizdə olduğunu görüb və Xalidədən onun telefonunu səssizə qoyub-qoymadığını soruşub:

“Xalidə telefonumu səssizə qoymadığını bildirdi. Mən heç vaxt mobil telefonumu səssizə qoymadığımdan təkidlə bir daha ondan telefonumu səssizə qoyub-qoymadığını soruşdum. Bundan sonra bizim aramızda mübahisə yarandı. Xalidə mənə əl-qol atmağa başladı. Mən evdən getməyim deyə olduğum otağın qapısını bağlamağa cəhd etdi.

Xalidə bu hərəkətlə əvvəllər də bir neçə dəfə mənim evi tərk etməyimin qarşısını almağa çalışıb. Mübahisə zamanı anidən əsəbiləşdiyim üçün Xalidənin baş nahiyəsinə sol əlimlə vuraraq qolundan tutub yataq otağındakı çarpayının üzərinə atdım Sonra mənzili tərk etdim”.

Ehtiram bildirib ki, hadisədən sonra dəfələrlə Xalidə ilə barışmağa cəhd edib: “Lakin Xalidə məndən 5000 manat pul tələb etdiyi üçün aramızda barışıq əldə olunmadı.

Mən əməlimdən peşmanam. Xalidəni hadisənin baş verdiyi gündən başqa heç vaxt döyməmişəm. Ona məxsus 5000 manat məbləğində pulu ələ keçirməmişəm. Hazırda maddi imkanım olmadığından Xalidə barışıq üçün məndən tələb etdiyi məbləği ona verə bilmirəm”.

İş üzrə zərərçəkmiş Xalidənin sözlərinə görə, əvvəllər Zərdab rayonunda aptekdə işləyib: “2022-ci ilin əvvəllərdə aptekdə işə düzəlmək istəyən Ehtiramla tanış oldum. Tanışlıqdan bir müddət sonra Ehtiram məndən xoşu gəldiyini dedi. Ona hələ ailə qurmaq niyyətimin olmadığını bildirdim. Lakin Ehtiram məndən əl çəkmədi”.

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin yay aylarında işi ilə əlaqədar Bakı şəhərinə gəlib: “Ehtiram mənə zəng edərək görüşmək istədiyini dedi. Mən isə ailəm razı olmadığından və aramızda rəsmi nikah bağlanmadığından onunla görüşməyəcəyimi bildirdim. Lakin 2022-ci ilin avqust ayında, axşam saatlarında zəng edərək israrla mənimlə görüşmək istədiyini bildirdi. Ehtiram məni əmin etdi ki, aramızda cinsi əlaqə olmayacaq.

Mən ona inandım və həmin gün yaşadığım Yasamal rayonu ərazisində yerləşən “Melissa Park” yaşayış kompleksindəki mənzilimə gəldi. Ehtiram özü ilə spirtli içki və sok gətirdi. Birlikdə olduğumuz zaman Ehtiramın aldığı soku içdim. Bundan sonra səhəri gün yuxudan ayıldıqda çarpayımda qan ləkəsi gördüm. Ehtiramın mənimlə cinsi əlaqədə olduğunu başa düşdüm. O isə mənimlə evlənəcəyini bildirdi. Bu məsələni heç kəsə bildirməməyim üçün məni Zərdab rayonunda rüsvay etməklə hədələdi”.

Zərərçəkmiş deyib ki, Ehtiram onu dəfələrlə döyüb, onunla cinsi əlaqədə olub: “Bir müddət sonra hamilə qaldığım məlum oldu. Ehtiram məni aborta məcbur etdi. Məni Maştağa qəsəbəsində yerləşən xəstəxanaya apardı. Orda USM müayinəsindən keçdim. Mənə bətnimdə çox hərəkətli bir oğlan uşağının olduğunu dedilər. Ehtirama uşağı abort etdirmək istəmədiyimi bildiəndə məni rüsvay etməklə hədələdi, aborta məcbur etdi.

Ehtiram dəfələrlə məni rüsvay edəcəyi ilə hədələyərək döyüb və mənimlə cinsi əlaqədə olub”.

Xalidənin ifadəsinə görə, sonuncu dəfə dəqiq xatırlamadığı tarixdə, saat 23:00-da evdə olan zaman Ehtiram ondan özünə məxsus mobil telefonu səssizə qoyub-qoymadığını soruşub: “Ona telefonunu səssizə qoymadığımı bildirsəm də, eyni şeyi məndən israrla soruşdu. Daha sonra əsəbiləşərək başıma, qollarıma, üzümə zərbələr endirdi. Bundan sonra döyülməyim barədə polisə məlumat verdim”.

Zərərçəkmiş deyib ki, Ehtiram bir neçə dəfə ondan pul tələb edib: “Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində məni təkrar döyərək evdə olan dolabdan 5000 manat pulumu götürdü. Ehtiramla barışmamışam”.

Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ehtiram 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Təqsirləndirilən şəxsin təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.

Seçilən
162
24
kanal.az

10Mənbələr