EN

Kasıb klubların nəsibi – Futbolda pul hər şeyi yox, əsas işi həll edir

 

Çempionlar Liqasının pley-off mərhələsinə qalan 14 komandanın ən kasıb bizim “Qarabağ” imiş. Bu klubun bazar dəyəri 16 milyon avrodur. Bir azca yuxarı yeri də var.

Fransanın “Lill” komandası isə bu 14 komandanın ən varlısıdır – 243,5 milyon avroluq komandadır.

Sonrakı yerləri “Qalataaray” (210,5 milyon), “Zalsburq” (177,8 milyon), “Slaviya Praqa” (87,8 milyon), “Dinamo Kiyev” (76,7 milyon), “Dinamo Zaqreb” (72,6 milyon) tutur. Burda bir az nəfəs dərək.

Ona görə ki, Zaqrebin 72,6 milyon avroluq “Dinamo” komandası bu gün bizim 16,48 milyon avroluq “Qarabağ”la oynayacaq. Komandaların dəyəri arasında 4.4 dəfə fərq var.

Rəqibimiz siyahının başında olan komandalardan biri olsaydı, fərq 20 dəfəyə qədər böyüyə bilərdi, qismətimizə özümüz kimi “kasıb” klub düşüb, amma o da bizimkindən 4,4 dəfə varlıdır. Hətta 13-cü yerdə olan və Bratislavanı təmsil edən “Slovan” komandasının da 20 milyon avro dəyəri var.

Təbii ki, futbolda hər şeyi pul həll etmir, amma çox şeyi, o cümlədən mərhələ keçmək, finala çıxmaq, çempion olmaq kimi məsələləri həll edir. Söhbət maya qoyub, türkün sözü, şikəyə yol verib oyun almaqdan getmir, söhbət milyonlar qoyub, oyunu topuğunun haqqı ilə alan oyunçuları transfer etməkdən gedir.

Yaxşı, bacarıqlı, əzmkar oyunçuları pulu çox olan komandalar alır. Məsələn, o vaxt Madridin “Real”ı puldan basaraq “Barselona”dan Luiş Fiqunu aldı. İki şəhərin azarkeşləri qanlı-bıçaq oldu. Fiqu milyonlar qazandı, amma axıra qədər də onu Barselonada oynayanda fitə basdılar. Hətta bu gün Fiqu Barselona küçələrində cangüdənsiz gəzsə, üstündən 24 il keçməsinə baxmayaraq, adamı korrida öküzü kimi hərləyib tutar, basıb döyərlər.

Hazırda “Real” Kilian Mbappeni də PSJ-dən pul gücünə qopardı. Onun da fitə basılmasını görəcəyik. Amma təkcə Kiliana verilən maaşla ilə bizim liqanın bütün futbol komandalarının bütün oyunçuları 5 il futbol oynayar.

Roman Abramoviç “Çelsi”yə yiyə durmazdan qabaq bu klub İngiltərə premyer-liqasının ortabab klublarından biriydi, çox vaxt 10-cu yeri tuturdu. Amma Abramoviç Rusiyada qazandığı milyardların bir hissəsini bu kluba yatırdı, yaxşı məşqçilər, oyunçular aldı, nəticədə bir də gördük ki, “Çelsi” öz liqasında qarşısına çıxanı çiləyir, “Mançester Yunayted”i “Mançester Siti”yə qatır, “Liverpul”u ağladır, “Arsenalı” darmadağın edir, çempion olur, Çempionlar Liqasında final oyanayır. İdman şərhçiləri bu komandaya təşər-təşər “zadəganlar” deyirdilər. Sonra iş elə getmədi, “Çelsi”ni Abramoviçdən aldılar, “zadəganlar” kasıbladı və komanda öz köhnə yerinə qayıtdı, bu il 10-cu yeri tutsa böyük şeydir.

Onun əvəzində ərəblər Mançester şəhərinin ikinci dərəcəli komandası olan “Siti”ni aldılar və “Yunayted”ə rəqib etdilər. Şeyxlər “ağ-mavi”lərə nə qədər pul-para qoydularsa, artıq ÇL-nin finalında “Mançester Siti” oynayır, “mankonyanlar” isə artıq nəinki premyer-liqanın birinci komandası deyil, hətta öz şəhərinin ikinci komandası olub.

Silvio Berluskonu üzrlü səbəbdən (ölməsi ilə əlaqədar) “Milan”a əl yetirməyəndən bəri bu komanda nəinki ÇL-nin yarımfinal və finalında oynamır, heç İtaliyanın A liqasında da bir pitsa yeyə bilmir. “Milan”ı “Milan” edən Berluskoninin pulu imiş.

Ona görə də milli komandalarımızın, o cümlədən “Qarabağ”ın bundan sonrakı oyunları barədə optimist olmaq olmur. Bir yerə qədər getmək, öz boyundan yuxarı, lap 2 metr tullanmaq olar. Amma o biri komandalar 50-100, yarım milyard avroluq “şüvül”lə 5 metr tullanacaqlar.

Acı gerçəklik budur.

İndi elə çıxmasın ki, müəllif bu yazısıyla, yıxılacağı yerin tikanını, şüşəsini artlayan kənd güləşçisi kimi hərəkət edir, “Qarabağ”-“Dinamo” oyununun pis nəticəsi üçün zəmin hazırlayır. Xeyr. Əslndə “Qarabağ”ın uğuruna sona qədər inanan biri kimi yenə ondan qeyrətli və yaxşı nəticəli oyun gözləyirəm.

Dediyim odur ki, milyardların fırlandığı təsərrüfatda zəif büdcə ilə çox qabağa getmək olmur, ona görə də ümidimizi çox kök etməyək.

Bir sözlə, varlanmaq lazımdır – ölkə olaraq, klub olaraq, fərd olaraq.

 

Chosen
119
1
musavat.com

10Sources