Amerikalı milyarder Uorren Baffetin “Berkshire Hathaway” investisiya şirkəti “Bank of America Corp.”dakı payını azaltmağa davam edir, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, “Berkshire” ötən həftədə bankın 14 milyon səhmini satıb. Şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədlərə əsasən, ümumi satış qiyməti təxminən 550 milyon dollar təşkil edib.
İyulun ortalarından etibarən Baffetin investisiya şirkəti “Bank of America”dakı payını 4.3 milyard dollardan çox azaldıb, lakin ən böyük səhmdar olaraq qalır. Hazırda o, bankın təxminən 37 milyard dollar dəyərində 928 milyon səhminə və ya ümumi nizamnamə kapitalının təxminən 12%-nə sahibdir. Bu, “Berkshire” portfelində yalnız “Apple” və “American Express”dən sonra üçüncü ən böyük mövqedir.
İnvestorları maraqlandıran odur ki, “Berkshire” bankın səhmlərinin satışını nə vaxt dayandırmağı planlaşdırır, “MarketWatch” yazır. Çərşənbə axşamı bazar öncəsi ticarətdə bankın səhmləri 0.2% dəyər itirib. Bu ilin əvvəlindən onların dəyəri 17.8% artıb.