EN

“Sea Breeze”də birləşən maraqlar

Prezident və ailəsi keçmiş kürəkənin işləri ilə tanış olub Avqustun 28-də Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan “Landau Məktəbi”nin və “The Grand” apart hotelinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak edib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı məlumat yayıb. “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Prezident İlham Əliyevə görülən işlər, o cümlədən “Sea Breeze”in əsas layihələri – 231 şagird üçün nəzərdə tutulmuş “LANDAU School” Təhsil Kompleksinin “Sea Breeze”dəki məktəbi və 450 şagird üçün nəzərdə tutulmuş “SABAH.school” barədə məlumat verib. “LANDAU School” kimə məxsusdur? 2018-ci ildə əsası qoyulmuş, ilk azərbaycanlı Nobel mükafatı laureatı, nəzəriyyəçi fizik Lev Landaunun adını daşıyan və özəl orta məktəb kompleksi kimi fəaliyyət göstərən məktəbin baş ofisi Nəsimi rayonunda olsa da, paytaxtın müxtəlif ərazilərində 9 filialı var. “LANDAU School” həmçinin “LANDAU Education Group”-un layihələrindən biridir. Rəsmi sənədlərə görə, 2018-ci ildə dövlət qeydiyyatına alınmış “Landau School” Ümumi Təhsil Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi Timur Leznik Yefimoviç adlı şəxsdir. “Landau School”un həmtəsisçilərindən biri də qardaşı Emil Leznikdir. Emil Leznik 2021-ci ildə mətbuata verdiyi müsahibəsində bildirmişdi ki, onların Azərbaycanın Xalq artisti, Rusiyanın ən böyük şirkətlərindən birinin – “Crocus Group”un vitse-prezidenti Emin Ağalarov ilə birlikdə “LANDAU Sea Breeze” adlı layihələri var. İllik təhsil haqqının 8-10 min manat olduğu “Landau School”un təhsil üzrə direktoru isə ataları Yefim Leznikdir. Fotolar Landauschool.com satından, kollaj Meydan TV Yefim Leznik Petroviç uzun illər Bakının Xətai rayonu ərazisində fəaliyyət göstərən “Xabad or Avner” yəhudi məktəbinin direktoru olub. “Xabad Or-Avner” məktəbi 2003-cü ildən Bakı şəhərində fəaliyyət göstərir. Məktəbdə Azərbaycan vətəndaşları olan yəhudi uşaqları təhsil alırlar. 2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Xabad Or-Avner” məktəbinin təməlqoyma mərasimi keçirilib. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatıb. Açılış mərasimində Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev iştirak edib. 2016-cı ildə İsrailin Baş naziri Benyamin Netanyahu  Azərbaycana işgüzar səfəri çərçivəsində “Xabad-Or-Avner” təhsil mərkəzində olub. Bir neçə il öncə ‘LANDAU School”-un rəhbərliyindən “PASHA Holding”ə transferlər də olub. Təhsil müəssəsinin bir zamanlar baş icraçı direktoru Riad Salayev “PASHA Holding” MMC-də Transformasiya direktoru təyin edilib. O, həmçinin Çikaqoda yerləşən “Adore Inc” və “McKinsey & Company” şirkətində çalışıb. Bundan əlavə, “Landau School”-da  rəhbər vəzifələrdə çalışmış Elçin Qədimov da “PASHA Property Management” şirkətinin Baş icraçı direktoru (СEO) vəzifəsinə təyin edilib. Prezidentin rəsmi saytı da qeyd edir ki, “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov bu təhsil müəssisəsini “Sea Breeze”in əsas layihəsi kimi qeyd edib. Yuxarıda adları hallanan şəxslər isə “Landau Məktəbi”nin idarəediciləridir. Bəs “The Grand” apart hoteli kimindir? “The Grand” apart hoteli “Sea Breeze” yaşayış və istirahət komplekləri zəncirinə daxil olan şəbəkəyə aiddir. “Sea Breeze” saytında qeyd olunub ki, kurort istirahət mərkəzi kimi fəaliyyət göstərəcək olan məkan Xəzər dənizinin birinci sahil zolağında yerləşir və çimərlikdən yalnız gəzinti zolağı ilə ayrılır. Bura ilboyu yaşamaq və ya kirayə vermək üçün nəzərdə tutulmuş 224 mənzil və 3 penthausdan ibarətdir. Təmirli 100 mənzil əşyalarla birlikdə artıq satılıb. Apart otelin ərazisində iki hovuz, üç restoran, konfrans zalı, butiklər, SPA mərkəzi və qəbul xidməti fəaliyyət göstərir. Fotonun mənbəyi Seabreeze.az saytı “Sea Breeze” yaşayış və istirahət kompleksi 2006-ci ildə Azərbaycanın Xalq artisti, elə o zamanlar İlham Əliyevin qızı Leyla Əliyeva ilə ailə həyatı qurmuş Emin Ağalarov tərəfindən təsis edilib və ilkin olaraq otel, restoran və kiçik çimərlikdən ibarət olub. Bu gün “Sea Breeze” 500 hektar ərazini əhatə edir. Tikilməkdə və hazır olan 40-dan çox layihəni, 50-dan çox restoranı, kafe və barları, 60 hovuzu, sosial obyektləri, 6,5 km çimərlik ərazisini və 150 hektar yaşıl sahəsini özündə birləşdirir. Emin Ağalarov kimdir? Emin Ağalarov Rusiya Federasiyasının iş adamı olan Araz Ağalarovun oğludur və Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilə kimi kürəkəni olub. 30 aprel 2006-cı ildə Leyla Əliyeva ilə evlənib. Mikayıl və Əli adında əkiz oğlanları var. Leyla Əliyeva və Emin Ağalarov “Stick Together” adlanan klipdə bir yerdə yer alıblar. 2015-ci ildə Emin Ağalarov Britaniyanın “Channel 5” kanalındakı müsahibəsində Leyla Əliyeva ilə evliliyini bu cür qiymətləndirirdi: “Hələ ki, evliliyin pozulmaması üçün çalışırıq. Mənim səyahətlərim çox olur, biz ayrı şəhərlərdə yaşayırıq, oğullarım Bakıda yaşayır”. Daha sonra Leyla Əliyeva öz “İnstagram” səhifəsindən onun Eminlə nikahının son illər formal xarakter daşıdığını təsdiqləyib, “Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim”, – deyə L.Əliyeva qeyd edib. Fotonun mənbəsi: Wikimedia Hazırda Emin Ağalarovun Bakıda dəyəri milyonlarla ölçülən tamamlanmamış layihələri var. Onlardan biri də Xəzər dənizində salınan süni “Caspian Dream Liner” yarımadasıdır. Azadlıq Radiosu yazır ki, Azərbaycanda süni torpaqların yaradılmasına dair parlamentin qəbul etdiyi və Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanun dövlət başçısının keçmiş kürəkəninin lüks mənzillər satmaq planını gerçəkləşdirməyə hesablanıb. Emin Ağalarov, Leyla Əliyevanın da qeyd etdiyi kimi formal şəkildə boşansalar da, hər iki şəxsə məxsus olan şirkətlərin ortaq layihələri mövcuddur. Belə ki, “Miles&Smiles PASHA Bank Platinum” kartı ilə “Sea Breeze Resort”da yay istirahətindən faydalanmaq üçün müxtəlif kampaniyalar mövcuddur. Bu, hər iki şirkət arasında var olan əməkdaşlıqdan sadəcə biridir. “PASHA Holdinq” şirkətini əvvəllər Arif Paşayev idarə etsə də, hazırda holdinq İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalara məxsusdur. Arif Paşayev I Vitse-prezident və ölkənin birinci xanımı Mehriban Əliyevanın atasıdır. Ancaq 2013-cü ildə Arif Paşayev şirkətin idarəsini öz nəvələrinə – ölkənin birinci ailəsinin qızlarına – Arzu və Leyla Əliyevalara dövr edib. Meydan TV

Chosen
111
xural.com

1Sources