Rojerio Santos, Lassana Ndiaye, Yeqor Xvalko, Keverton Markolino, Viktor Braqa, Karim Lkoça, Redon Mihana – bu adlar oxucularımızın bəzilərinə tanış gəlməyə bilər. Hətta düşünə bilərsiz ki, müəllif bu qəribə adları sıra ilə nə üçün düzüb bizə oxutdurur?! Amma əminəm ki, aranızda həmin adları oxuyan kimi söhbətin nədən getdiyini anlayanlar oldu. Bəli, bu adlar “Kəpəz”in Peşəkar Futbol Liqasına təqdim etdiyi iştirak ərizəsində qeyd olunan əcnəbi futbolçuların adlarıdı. Aralarında ən müxtəlif ölkələrdən olanları var. Cəmi yeddi legionerdi. İkisi “sambaçı”dı, Braziliyadan gəlib. Məşhur Ronaldonun, Dunqanın, Roberto Karlosun, Ronaldinyonun həmyerliləridi. Biri Portuqaliyadan, o biri də Portuqaliyanın qonşusu, son Avropa çempionu İspaniyanın vətəndaşıdı. Albaniyadan, Belarusdan, hətta uzaq Malidən gələn də var.
Bu legionerləri Azərbaycana ona görə dəvət ediblər ki, onlar ölkənin ən köklü və titulları ilə öyünən klublarından “Kəpəz”i uğurdan-uğura daşısınlar, qollar vursunlar, qələbələr qazansınlar. Amma acınacaqlı mənzərə ortadadı. Geridə qalan 5 tur ərzində “Kəpəz” nəinki qələbə, heç xal qazanmağı da bacarmayıb. Əzəli və barışmaz rəqib sayılan “Turan Tovuz” “Kəpəz”in qapısına üç dəfə yol tapdısa, gəncəlilərlə oyuna qədər qələbəyə həsrət qalan “Səbail” bunu dörd dəfə bacardı. Yəni ki, “Səbail” “Kəpəz”i 4:0 hesabıyla məğlub etdi. “Sumqayıt” isə “Kəpəz”ə könül verən azarkeşləri iki dəfə məyus etdi. “Kəpəz”in qapısına vurulan 15 qoldan üçü “Qarabağ”ın payına düşür. “Kəpəz” şükr etməlidi ki, “Qarabağ”la məhz mövsümün bu çağında qarşılaşdı. “Qarabağ” avrokuboklarda xeyli güc sərf etdiyindən hələ premyer-liqaya tam köklənə bilmir. Köklənəndə vay rəqiblərin halına...
Burdan belə nəticəyə gəlirik ki, “Kəpəz”ə dəvət olunan həmin o yeddi legioner komandanı gücləndirə bilməyib, Azərbaycana əlacsızlıqdan gəliblər. Vətənlərində istədikləri qədər qazana bilməyiblər, legioner həyatı yaşamaq fikrinə düşüblər. Ölkələrindən xaricdə də onlara “Kəpəz”in təklif etdiyi pulu verən tapılmayıb. Belədə əlacsız qalıb, üz tutublar Gəncə klubuna. Bəlkə də mən hadisələri yetərincə bəsit qiymətləndirirəm, hər şeyə çox sadə yanaşıram. Ola bilsin, adı çəkilən legionerlər hər biri ayrı-ayrılıqda səviyyəli, istedadlı futbolçudu. Sadəcə, ya “Kəpəz”in oyun tərzinə uyğun gəlmirlər, ya da hazırkı kollektivdə özlərini göstərməyi bacarmırlar. Bəli, bu yerdə uğursuz məşqçilərin və ya iş bacarmayan klub rəhbərliyinin bəhanələrindən də istifadə edə bilərik. Deyərik ki, komanda hələ yenidi, onlara zaman lazımdı, mütləq özlərini göstərəcəklər.
Hər halda, hərə bəyəndiyi variantı seçə bilər, seçim özümüzə məxsusdu. Di gəl ki, mən ataların “görünən dağa nə bələdçi” məsəlini yadıma salıram. Düşünürəm ki, hazırkı “Kəpəz”in yaxşı gələcəyinə inanmaq özünü aldatmaqdan başqa bir şey deyil. Yaşayarıq, görərik. Ssenari həmişəki kimi olacaq. Artıq ilk 4 oyunda uduzan Adil Şükürov istefa verib. Yeni məşqçinin də bəhanəsi hazırdı: “Bu komandanı mən qurmamışam”. Beləcə adət etdiyimiz filmi təkrar izləməklə “Kəpəz”in elitadan yola salınmasına şahid olacağıq. Daha sonrasını da sonra yazaram. Amma bir sual məni çox narahat edir: belə “Kəpəz” Gəncəyə və Azərbaycan futboluna lazımdımı?!
AMAL